Bu ayın sonunda 1 funt-sterlinq 1,25 dollara bərabər ola bilər - ANALİTİKA

  • 1 Noyabr, 2018 15:19
Bu ayın sonunda 1 funt-sterlinq 1,25 dollara bərabər ola bilər - ANALİTİKA

Yola saldığımız oktyabr ayı ərzində ABŞ dolları avro qarşısında bir qədər də bahalaşdı.

"Finans.az" “Report”un analitik qrupuna istinadən xəbər verir ki, əgər ayın əvvəlində USD/EUR nisbəti 1,16 idisə, ayın sonunda 1,13-ə düşdü.

Səbəbi məlumdur. ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini artıraraq ölkənin milli valyutasını bahalaşdırır, Avropa Mərkəzi Bankı (ECB) isə faizləri sabit saxlayır. Digər tərəfdən, qitənin iqtisadiyyatında aparıcı rol oynayan İtaliyada büdcə kəsrinin həddi, Almaniyada isə inflyasiyanın səviyyəsi ilə bağlı problemlər var. “Mənfi xəbər”lər fonunda Avropa valyutası Amerika valyutası qarşısında dəyər itirir. Mövcud tendensiya davam edərsə, bu ayın sonunda 1avro 1,1 dollara bərabər ola bilər.

Ötən ay dollar ingilis funt-sterlinqi qarşısında da bahalaşdı. Əgər oktyabrın əvvəlində USD/GBP nisbəti 1,3 idisə, ayın sonunda 1,28-ə düşdü.

“Report”un analitik qrupu hesab edir ki, Böyük Britaniyanın milli valyutasının ucuzlaşması əsasən ölkənin Avropa İttifaqını tərk etməsi (“Brexit”) ilə bağlı vəziyyətdən qaynaqlanır. Hazırda funt-sterlinq valyuta bazarında dollara qarşı bir növ “müqavimət göstərir”. “Brexit”lə bağlı müsbət xəbərlər olarsa, eləcə də, İngiltərə Bankından (Mərkəzi Bank) funt-sterlinqin xeyrinə işləyək qərarlar (məsələn, uçot dərəcəsinin artırılması) USD/GBP nisbəti 1,3-u keçə, hətta bu ayın sonuna qədər 1,33-ə yüksələ bilər. Əks təqdirdə 1 funt-sterlinqin 1,25 dollara qədər düşməsi istisna deyil.