Ekspert: "BTQ ilə Çindən Avropaya ilk yük qatarının göndərilməsi tarixi İpək Yolunun bərpasıdır"

  • 8 Noyabr, 2019 15:00
Ekspert:

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Çindən Avropaya hərəkət edən ilk yük qatarının ötən gün Ankaraya (Türkiyə) çatması tarixi İpək Yolunun bərpasıdır".

Bunu “Finans.az” a açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimli deyib.

"30 ilə yaxın idi ki, Türkiyə Mərmərə dənizindən istifadə etməklə Asiyadan Avropaya keçidi təmin etməyə çalışırdı. Bu, uzunmüddətli strateji məsələ idi. Dünən göndərilmiş ilk yük qatarı ilə nəhayət ki, tarixi İpək Yolu bərpa edilmiş oldu. Azərbaycan bu böyük layihənin tərkib hissəsidir. Layihənin reallaşmasında strateji rol Azərbaycana məxsusdur. Çünki Qarsa qədər dəmir yolu xətti olmasaydı bu layihə çətin ki, reallaşardı”, - deyə o, qeyd edib.

C.İbrahimlinin sözlərinə görə, İpək Yolu layihəsinin reallaşması həm də bir sıra ölkələrin ona maraq göstərməsi ilə bağlıdır: "Hesab edirəm ki, Çindən Avropaya yüklərin daşınması faydalı və gəlirli olacaq. Avropa İttifaqına daxil olan ölkələr dünya ixracatında sənayələşmiş ölkələr olaraq böyük paya sahibdir. Son dönəmdə Çin iqtisadiyyatının bu şəkildə yüksəlişi, dünyanın II iqtisadiyyatı kimi ixracatda böyük paya sahib olması onu göstərir ki, yeni tranzit xəttin açılmasına ehtiyac var idi. Bu layihə Avropa və Asiya arasında ticarətin aktivləşməsinə ciddi təkan verəcək və yüklərin axını baxımından özünü doğruldacaq”.

Xatırladaq ki, noyabrın 6-da Çinin Şian şəhərindən çıxaraq Çexiyanın paytaxtı Praqaya hərəkət edəcək ilk yük qatarının Ankarada təntənəli qarşılanma mərasimi keçirilib. "Bir kəmər - bir yol" layihəsi çərçivəsində ölkə ərazisinə daxil olan qatar BTQ-dən istifadə edən ilk yük qatarı olub. Onun yükü 76 kubmetrdir və elektron komponentləri daşıyan 42 konteynerdən ibarətdir. Qatar oktyabrın 28-də Qarsdan Ankaraya doğru hərəkət edib.

Ankarada keçirilmiş qarşılanma mərasiminə Türkiyə, Gürcüstan, Çin və bir çox ölkədən dövlət və hökumət nümayəndələri qatılıblar. Qeyd edək ki, Tarixi İpək Yolunun canlandırılması üçün Çinin 2013-cü ildən reallaşdırdığı "Bir kəmər - bir yol" layihəsi Asiya Avropa və Afrika qitələrini əhatə edir. Çinin paytaxtı Pekini Böyük Britaniyanın paytaxtı Londonla Türkiyə üzərindən birləşdirməyi hədəfləyən yolun ən əhəmiyyətli hissəsini BTQ təşkil edir. Bir trilyon dollarlıq yükü, 3 milyard insanı və 65 ölkəni əhatə edəcək nəhəng dəmir və dəniz yolu nəqliyyatı şəbəkəsi sayəsində mallar Çindən Asiya, Avropa və Afrikaya daha qısa müddətdə çata biləcək. Türkiyənin orta dəhlizdə olması layihədə əhəmiyyətli yer təşkil edir.