Türkiyə rəsmisi: "BTQ dəmir yolu xətti pandemiya dövründə ölkələrarası ticarəti davam etdirdi"

  • 4 İyul, 2020 16:05
Türkiyə rəsmisi:

“Koronavirus pandemiyası Azərbaycan ilə Türkiyə arasında münasibətlərə insanların qarşılıqlı olaraq gediş-gəlişinə məhdudiyyət qoyulmasından başqa mənfi təsir göstərmədi.

“Koronavirus pandemiyası Azərbaycan ilə Türkiyə arasında münasibətlərə insanların qarşılıqlı olaraq gediş-gəlişinə məhdudiyyət qoyulmasından başqa mənfi təsir göstərmədi. Əksinə, ikitərəfli münasibətləri gücləndirəcək önəmli hadisələr yaşandı”.

“Finans.az” xəbər verir ki, bunu Türkiyənin Xarici İqtisadi Münasibətlər Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının başçısı Selçuk Akat bildirib.

Onun sözlərinə görə, həmin vacib hadisələrdən biri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttininin strateji önəminin artmasıdır: “Pandemiyaya baxmayaraq iki ölkə arasında qarşılıqlı əlaqə BTQ vasitəsilə daha da gücləndi. Türkiyənin Azərbaycan ilə həyata keçirdiyi ən strateji yatırımlardan biri olan BTQ-nin vacibliyi bu vasitə ilə bir daha ortaya çıxdı. Asiya ilə Avropanı bir-birinə bağlayan ən vacib xətlərdən biri olan BTQ dəmir yolunda pandemiya dövründə vacib miqdarda yük daşınaraq ticarətin davam etməsi təmin edildi. Qatar xidmətlərinin və yükgötürmə qabiliyyətinin artırılması, ixrac və idxal üçün uyğun konteyner vaqonlarının ayrılması, Qars, Canbaz və Axalkalaki terminallarında ötürmə fəaliyyətinin inkişafı, təmassız proseslərin başlanması, dezinfeksiya və bənzər proseslər kimi əməliyyatlar nəticəsində xeyli miqdarda ixrac və idxal həyata keçirildi".

 Türkiyə rəsmisi: BTQ dəmir yolu xətti  pandemiya dövründə ölkələrarası ticarəti  davam etdirdi

O bildirib ki, pandemiya dövründə BTQ dəmir yolu xətti ilə 1 692 vaqon ilə 77 447 ton idxal, 1 726 vaqon ilə 60 571 ton ixrac olmaqla ümumilikdə 138 min ton yük daşınıb: "BTQ dəmir yolu xətti ilə Türkiyədən Qazaxıstana, Azərbaycana, Gürcüstana, Özbəkistana, Türkmənistana, Qırğız Respublikasına, Rusiyaya və Çinə tikinti, qida və təmizləyici maddələr, avtomobil, kənd təsərrüfatı məhsulları və təzə tərəvəz və meyvələr kimi kənd təsərrüfatı və sənaye məhsulları göndərildi. Bu ölkələrdən Türkiyəyə isə taxıl, metal, elektronika məhsulları ilə ehtiyat hissələri, sink, gübrə, mis, kimyəvi məhsullar gəldi”.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir.

Mənbə :Report.az