BTC ilə dünya bazarlarına 1,5 mln. tondan çox Qazaxıstan nefti nəql edilib

  • 9 Oktyabr, 2019 11:08
BTC ilə dünya bazarlarına 1,5 mln. tondan çox Qazaxıstan nefti nəql edilib

Cari ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri ilə 1,5 mln. tondan çox Qazaxıstan nefti dünya bazarına nəql edilib.

"Finans.az" xəbər verir ki, bunu Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 16-ci iclasında çıxış edən Azərbaycanın Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, 2017-ci il ərzində bu göstərici 180 min ton, 2018-ci ildə isə “SOCAR Trading” şirkəti tərəfindən dünya bazarlarına 1,6 mln. ton Qazaxıstan nefti nəql olunub.

"Bundan başqa “SOCAR Trading” tərəfindən həm Azərbaycandan, həm də digər ölkələrdən Qazaxıstana xam neft və neft-kimya məhsulları tədarük edilib. Hazırda BTC ilə Qazaxıstan neftinin rəqabətli əsaslarla nəql edilməsi barədə danışıqlar aparılır. Azərbaycan istiqamətindən başqa Qazaxıstandan ixrac olunan neftin alması ilə bağlı əməkdaşlıq müzakirə olunur", - deyə nazir qeyd edib.


Mənbə: apa.az