BTC ilə 16 mln. tona yaxın neft nəql edilib

  • 17 İyul, 2019 14:45
BTC ilə 16 mln. tona yaxın neft nəql edilib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 19,744 mln. ton neft nəql edilib.

“Finans.az” xəbər verir ki, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 2,9% az olub.

Nəqletmənin 81%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Belə ki, cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 15 985,7 min ton neft ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 3,4% azdır. Dövr ərzində BTC kəməri ilə 2 316,3 min ton (28% az) tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.