“Brent” 68 dollara çatacaq - İYUNUN SONUNA KİMİ

  • 31 Mart, 2021 16:47
“Brent” 68 dollara çatacaq - İYUNUN SONUNA KİMİ

İyun ayının sonuna qədər “Brent” markalı neftin bir bareli 68 ABŞ dolları səviyyəsində dayana bilər.

“Finans.az” xəbər verir ki, belə proqnozu “Saxo Bank”ın əmtəə-xammal bazarındakı strategiya şöbəsinin müdiri Ole Hansen verib.

O, bu ilin ikinci rübündə xammal sektorunun inkişaf edəcəyini qeyd edib.

O.Hansen hesab edir ki, neft önümüzdəki aylarda tələbatın artması və OPEC+ sazişi çərçivəsində hasilatın məhdudlaşdırılması fonunda bahalaşacaq: “Bu strategiya qlobal yanacaq tələbatının gündəlik 5,4 milyon barel səviyyəsində bərpa olunmasına qədər uğurlu olacaq, OPEC-ə üzv olmayan ölkələrdə təklif artımı isə məhdud və gündəlik 1 milyon bareldən az olacaq”.

Bakı vaxtı ilə saat 14:07-yə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 0,53 % azalaraq bir barel üçün 63,83 ABŞ dollarına, may fyuçersləri 0,45 % azalaraq 63,85 dollar/barelə enib. WTI markalı neftin may fyuçerslərinin dəyəri isə 0,51 % azalaraq bir barel üçün 60,24 ABŞ dolları təşkil edib. Qeyd edək ki, neft dünən 1,3-1,6 % ucuzlaşdıqdan sonra bu gün səhər saatlarında orta hesabla 0,7 % bahalaşmışdı.


Mənbə: report.az