BP: Bu il "Şahdəniz"dən 16,6 mlrd. kubmetr qaz hasilatı gözlənilir

  • 18 Dekabr, 2019 17:40
BP: Bu il

“BP-Azerbaijan” bu il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil ediləcək qazın həcmini açıqlayıb.

“Finans.az” xəbər verir ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu il ərzində “Şahdəniz” yatağından “Alfa” və “Bravo” platformalarından ümumilikdə 16,6 mlrd. kubmetr qaz hasilatı gözlənilir:

"BP həm "Şahdəniz", həm də AÇG üzrə proqnozunu yerinə yetirib".

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. BP şirkətinin məlumatına görə, bu ilin 9 ayı ərzində "Şahdəniz” qaz-kondensat yatağından - “Alfa” və “Bravo” platformalarından birlikdə 12,2 mlrd. kubmetr qaz və təqribən, 2,6 mln ton (21 mln barel) kondensat hasil edilib. Yataqdan hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.


Mənbə: report.az