Böyükşor gölündə günəş panelləri quraşdırılacaq - Bu tarixə qədər

  • 23 Yanvar, 2020 11:36
Böyükşor gölündə günəş panelləri quraşdırılacaq - Bu tarixə qədər

“Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur.

“Finans.az” xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2019-cu ildə görülmüş işlərə dair hesabatda deyilir.

Hesabata əsasən, layihənin icrasının 2021-ci ilin mart ayına qədər başa çatdırılması nəzərdə tutulur: “Asiya İnkişaf Bankının 2018-ci il 16 noyabr tarixli məktubu ilə layihənin yaddaş qeydi, 2019-cu ilin yanvar ayında isə ilkin hesabat təqdim edilib. Energetika Nazirliyinin müvafiq əmri ilə layihənin icrasının təmin edilməsi məqsədi ilə işçi qrupu yaradılıb və 18 yanvar 2019-cu il tarixində İşçi Qrupunun ilk iclası keçirilib. İclasda Asiya İnkişaf Bankı tərəfindən təqdim edilmiş Yaddaş Qeydinin, Azərbaycan üzrə Yekun ilkin Hesabatın təqdim edilməsi və layihənin həyata keçirilməsinə təsir edən həll edilməmiş məsələlər, çətinliklər və ya digər məsələlər müzakirə edilib”.

Görüşün nəticəsi olaraq, Böyükşor gölünün səthində 800m2 sahədə günəş panellərinin quraşdırılmasına razılıq verilməsi, eləcə də gölün sahilində 75m2 torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində yardımçı tikili və panellərin quraşdırılması üçün zəruri icazə və rəylərin verilməsi barədə Nazirlər Kabinetinə müraciət ünvanlanıb.


Mənbə: report.az