BNA-dan “Evdə qal, Azərbaycan” şüarına mühüm dəstək - VİDEO

  • 4 Aprel, 2020 13:22
BNA-dan “Evdə qal, Azərbaycan” şüarına mühüm dəstək - VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) Nazirlər Kabineti yanında Operativ Qərargahın cəmiyyəti koronavirus pandemiyasının yoluxmasından müdafiə etmək üçün əsas çağırışlarından olan “Evdə qal, Azərbaycan”, “Sağlam qal, Azəraycan” şüarını dəstəkləməyə davam edir.

"Finans.az" xəbər verir ki, BNA “Evdə qal” şüarını dəstəkləmək üçün videoçarx hazırlayıb.

Belə ki, videoçarx hazırkı məqamda koronavirus pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısını almaq üçün cəmiyyəti evdə qalmağa səsləyir. Hazırda ölkədə elan edilmiş karantin müddətinin müvəqqəti olduğu və bu müddətin ötüb keçəcəyi cəmiyyətə mesaj olaraq ötürülür.

BNA karantin müddəti ərzində cəmiyyətə yüksək səviyyədə xidmət göstərmək üçün əlindən gələni edəcəyini bəyan edib.

Xatırladaq ki, hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus pandemiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulacaq. Bildirilib ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək bir sıra qaydaların tətbiqi ilə bağlı qərara alıb.



Mənbə: report.az