"BMW" və "Daimler" əməkdaşlığa başlayır

  • 8 Noyabr, 2018 10:24

Avropa Komissiyası Almaniya mərkəzli avtomobil istehsalçıları "BMW" və "Daimler"in nəqliyyat vasitəsinin kirayəsi, taksi, parklanma xidməti və enerji doldurma stansiyasından istifadə kimi mobil xidmətlərini birləşdirmələrinə şərti olaraq icazə verib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Komissiyasının açılamasında "BMW" və "Daimler"in mobil xidmətlərinin birləşdirilməsinin sektorda rəqabətə mənfi təsir göstərməyəcəyi bildirilib və buna görə də əməkdaşlıq təsdiq edilib.

Şirkətlər rəqabətə mane olmamaq üçün Berlin, Köln, Düsseldorf, Hamburq, Münhen və Vyanada nəqliyyat vasitələrinin kirayəsi xidmətilə bağlı Avropa Komissiyası qarşısında müxtəlif öhdəliklər götürüb.

Razılaşmaya əsasən "BMW" və "Daimler" "Car2Go" və "DriveNow" avtomobil kirayəsi xidmətlərində, mobil tətbiq vasitəsilə taksi və parklanma xidmətində, elektrik avtomobillərinin enerjidoldurma stansiyaları sahələrində bərabər paylarla ortaqlıq edəcək.