Biznes və innovasiyalar: qorxulu xəyal yoxsa yeni imkanlar?

  • 30 İyul, 2019 11:06
Biznes və innovasiyalar: qorxulu xəyal yoxsa yeni imkanlar?

İnnovasiya texnologiyalarının və proseslərinin öyrənilməsi, yaradılması, tətbiqi və tədrisi kimi işlərdə 10 ilə yaxın peşəkar təcrübəyə malik olan Şəbnəm Məmmədova müsahibəsində innovasiyaların biznesə verə biləcəyi imkanlardan danışıb.

- Sizcə biznesdə innovasiyalar lazımdırmı?

- Bəli. Bu sualın birmənalı olaraq cavabı belədir. Niyə? Çünki dünya çox sürətlə dəyişir və yeni rəqəmsal dövrün tələblərini qarşılamaq üçün şirkətlər özlərini bu tələblərə uyğunlaşdırmağa çalışırlar. Rəqəmsal dövrün gərgin rəqabətlilik şəraitində şirkətlər onları digərlərindən fərqləndirən öz unikal tərəflərini və üstünlüklərini göstərmək üçün üsullar axtarırlar.

Biznesin gəlirliliyinin artırılması, idarəetmənin effektivliyinin yüksəldilməsi biznes sahiblərini öz şirkətlərində innovasiyaların tətbiqini zəruri edir. Burada müxtəlif səbəblər ola bilər. Əksər müəssisə və bizneslər müxtəlif problemlərlə qarşılaşır və biznes dünyasının diktə etdiyi yeni trendlər fonunda gəlirliliyin artırılması üçün müxtəlif inkişaf istiqamətləri seçməli olur. Eyni zamanda idarəetmədə effektivliyin təmin olunması məqsədilə şəffaflığın artırılması, resursların optimallaşdırılması, çevikliyin artırılması üzrə innovasiya və yeni texnologiyaların tətbiqini qaçılmaz edir. Bu şərtlər altında şirkətin rəqəmli transformasiyası, yeni rəqəmsal dövrün istehlakçılarının tələblərini qarşılamaq üçün daha səmərəli innovativ alətlərin tətbiqi ilə proseslərin avtomatlaşmasını zəruri edir. Eyni zamanda rəqəmsal dövrün tələblərini nəzərə alaraq şirkətlər müştərilərlə kommunikasiya alətlərini belə tamamilə dəyişməli olacaqlar. Bu da şirkət rəhbərliyində kapitalı, insan resursları, layihələri və biznesi daha effektiv idarə etmək üçün innovasiyaların tətbiqini qaçılmaz edir.

Bu prosesdə şirkətlərin davranış modelləri də fərqlidir. Bəzi şirkətlər artıq mövcud olan məhsul və xidmətləri təkmilləşdirir, istehlakçıları qiymət və keyfiyyətin sərfəli əlaqəsi ilə maksimum cəlb etməyə çalışırlar, bəzi şirkətlər isə birbaşa olaraq innovasiyaların istehsalatda tətbiqini seçirlər. Bəzi şirkətlər isə tamamilə seyrçi mövqedən çıxış edirlər.

Təbii ki, innovasiyaların tətbiqi kifayət qədər ciddi qərardır, çünki mövcud situasiyanın, şərtlərin, resursların və gələcək hədəflərin ciddi analizini tələb edir. İnnovasiyaları öz biznesinə tətbiq etmək niyyətində olan şirkət bir neçə kritik faktoru - maliyyə dayanıqlılığı, şirkətdə olan biznes proseslərin və komandanın motivasiyasını, mövcud bazarın, istehlakçıların hazırlıq səviyyəsi və vərdişlərini, həmçinin resursları nəzərə almalıdır.

- Şirkətlər yeni biznes ideyalarla işləyə bilirlərmi?

- Digital tendensiyaların, alət və resursların biznesə geniş təsir etdiyi bir dönəmdə şirkət sahiblərini düşündürən bir sual var. Biznesin inkişafında innovasiyaların tətbiqi gələcəyi naməlum olan qorxulu bir yuxudur ya yeni imkanlar? Şirkət rəhbərliyinin şirkətin strategiyasını innovasiyaların tətbiqi üzrə uyğunlaşdırmada və ya onu dəyişdirməkdə rolu varmı? Əksər uğurlu və rəqabət qabiliyyətli şirkət sahibləri və onların məsləhətçilərinin rəyləri demək olar yekdilliklə bir məqamda kəsişir - indiki dönəmdə - daima. İnnovasiyalar üzrə şirkətin strategiyanın dəyişdirilməsi və ya uyğunlaşdırılması - zəiflik göstəricisi deyil, əksinə, şirkətin canlılığının və dinamikasının birbaşa indikatorudur.

Digər tərəfdən idarəedicilər innovasiyaların və yeni texnoloji alətlərin onların bizneslərində tətbiqi nələrə gətirib çıxara biləcəyini tam anlamaya bilərlər. Bəzi şirkətlər onların əhəmiyyətini və rolunu həddindən artıq şişirdə bilir, bəziləri isə əksinə onları düzgün qiymətləndirməyə bilərlər. İnnovasiyaların biznesdə tətbiqi prosesinə çox rahatlıqla aludə olmaq olar, lakin bir nüansı unutmaq lazım deyil ki, istənilən fəaliyyət ciddi məqsədləri və indikatorları izləməlidir.

Biznesdə innovasiyaların tətbiqinin riskləri də kifayət qədərdir. Əgər yeni ideyaların tətbiqi işi düzgün qurulmazsa, bu resursların mənasız yerə istifadəsinə gətirib çıxara bilər, bu da ümumilikdə gələcəkdə şirkətin yeniliklərin tətbiqi üzrə motivasiyasına birbaşa təsir edə bilər.

- Yuxarıdakı fikirlərinizdən birində rəqəmsal mərhələdə biznesin inkişafında yeni kommunikasiya alətlərinin vacibliyini qeyd etdiniz. Bu barədə daha ətraflı məlumat verərdiniz.

- Bəli, bu barədə biznesin gəlirliliyinin artırılmasında kritik faktor kimi vacibliyi qeyd etdim. Sürətlə rəqəmsallaşan dünyada artıq ənənəvi idarəetmə metodları və ya kommunikasiya alətləri ilə gəlirliliyin artmasını gözləmək bir az doğru olmaz. Rəqəmsallaşan dünyanın istehlakçılarının özlərinin yeni davranış modelləri, vərdişləri və psixoloji aspektləri mövcuddur. Öz istehlakçılarının bu davranış modellərini və ehtiyaclarını anlamayan şirkətin isə bazarda nə qədər rəqabətə davamlı olması böyük şübhə doğurur. Belə deyək, indi rəqəmsal dünyanın istehlakçısı kağız broşur və ya ənənəvi digər kommunikasiya metodlarındansa, rəqəmsal alətlərin təklif etdiyi yeniliklərə daha çevik reaksiya verirlər, çünki insanlar rəqəmsallaşdıqca, vərdişlərimiz və davranış modellərimiz də ona uyğun adaptasiya olunur. Əgər hər hansı bir şirkət öz istehlakçısına rəqəmsal kommunikasiya modellərini nəzərə almadan nəsə təklif edirsə, burada artıq geniş kütləyə təsir imkanları kifayət qədər zəif olur.

Nəyə görə artıq rəqəmsal dünyada məhsul təqdim etmək və kommunikasiya qurmaq lazımdır sualı yarana bilər. Sizə bu yaxınlarda yaxın qonşumuz olan Rusiya biznesində olan rəqəmli transformasiyanın gətirdiyi yeniliklər haqqında oxuduğum maraqli bir neçə statistikadan misal vermək istərdim. Rusiyada yeni yaradılmış KİV-in 33% internetdən yayımlanır. Keçən il bu rəqəm 11% idi. Çap şəklində olan KİV-lər bu günə olan ən tarixi minimumuna endi - indiyə kimi olan abunələrin 45%. Buna oxşar vəziyyət reklam bazarında da müşahidə olunur, harada reklam üzrə əsas dövriyyə ənənəvi mediadan artıq internet sferaya dövr edir. Reklam bazarında olan rəsmi statistikaya görə onlayn mediada olan inkişaf 30%-ə qədər artıb, ümumi reklam bazarında isə internet reklamın payı 46% təşkil edir. Çap halında olan ənənəvi KİV reklamlarının ayı isə 16 faizə enib. Bütün bu rəqəmlər açıq şəkildə göstərir ki, son zamanlar baş verən beynəlxalq trend olan - hansı ki rəqəmsal transformasiyanın fonunda baş verir, yeni kommunikasiya alətlərinin tətbiqi nəinki biznes proseslərinin optimizasiyasında, eyni zamanda istehlakçılarla kommunikasiyalarda mühüm əhəmiyyət kəsb edir.

Dünyada top şirkətlərin reklam kampaniyalarına və aksiyalarına diqqət etsək, görərik ki, bu şirkətlər artıq öz kommunikasiya alətlərini rəqəmsal daşıyıcılardan istifadə üzərində qururlar. Məsələn, bu yaxınlarda təqdim edilmiş Digital PR və Kommunikasiyalar üzrə Hesabatın faktlarına istinad etsək, hazırda şirkətlərin marketinq büdcələrinin ümumi xərclərindən rəqəmsal və ya sosial mediaya sərf olunan hissəsində artım keçən illə müqayisədə21 faizdən 32 faizə yüksəlib. Bu hesabatın iştirakçılarının araşdırmalarına görə, tezliklə bu rəqəmsal xərclər 62%-ə çatacaqdır. Təbii olaraq, axınla bərabər üzməkdən əlavə, digər şirkətlərlə rəqabətlilik şərtlərində öncüllük qazanıb imtiyazlara sahib olmaqdan ötrü, şirkətlərin artıq aktiv şəkildə yeni kommunikasiya alətləri olan texnoloji vasitələrini öz xidmət və məhsullarının inkişafı üzrə tətbiqi artıq şərtdir.

- İnnovasiyaların tətbiqindən danışdıq, bəs fikrinizə görə innovasiyaların tətbiqi prosesinin effektivliyi və nəticələri necə ölçülə bilir?

- İstənilən innovasiyanın tətbiqi, yeni texnoloji alətlərin prosesə cəlb olunması özündən sonra təsirlərə səbəb olur. Bu təsirlərin və nəticələrin ölçülməsini effektivlik və effekt aspektlərindən analiz etmək olur. Effekt - birbaşa “təmiz maliyyə” nəticələridirsə, effektivlik isə - innovasiyaların tətbiqinə sərf edilən resursların hər kəmiyyətinə yaradılmış əlavə dəyəri özündə ehtiva edir.

Layihələrdə innovasiyaların tətbiqinin təsirlərini ölçmək üçün bir sıra göstəricilər mövcuddur. Kommersiya və ya gəlirlilik effekti bu zəncirdə heç də əsas vacib element sayılmır. Yeniliklərin tətbiqi nəticələrin vahid zəncirində qiymətləndirilməlidir. Əlbəttə ki, praktiki cəhətdən həm investorlar, həm də biznes sahibləri üçün əsas ölçü meyarı və maraqlı hədəf gəlirlilik göstəricisidir. Bu adətən innovasiyaların tətbiqi və reallaşması zamanı çəkilən xərclərin və əldə edilən gəlirlərin fərqi ilə ölçülür.

İnnovasiyaların effektivliyi aşağıdakı göstəriciləri ilə ölçülə bilər;

- Layihənin dəyəri

- Layihədən əldə edilən xalis gəlir

- Rentabellik

- Gəlirliliyin daxili norması

- İnvestisiyaların geri dönmə müddəti

- İnnovasiyalarla necə işləmək lazımdır? Sonda biznes subyektlərə və şirkət sahiblərinə nə məsləhətlər verə bilərsiniz?

- İnnovasiyaların tətbiqi - bu tamamilə yeni məhsul, vərdiş və psixoloji aspektlərin tətbiqidir. Şərt deyil ki, bu tamamilə yeni bir məhsul olsun, hətta yeni xüsusiyyətlərə malik olan köhnə məhsulun yenilənməsi belə sayıla bilər. Bu, məhsulun təkmilləşdirilməsi üzərində gündəlik 95% çətin bir iş yükünün olmasını ifadə edir. Təbii ki, revolyusioner və radikal innovasiyalar bu prosesdə fərqli istisnalardır. İndi bazarda rəqabət aparan nəhəng şirkətlər sənayenin əvvəlki dönəmi ilə müqayisədə innovasiyalara və yeni məhsulların hazırlanması və ya təkmilləşdirilməsi prosesinə çox böyük miqdarda investisiyalar yatırırlar.

Dünya miqyasında bu rəqəm 1,7 trilyon ABŞ dolları civarındadır. Bu çox nəhəng rəqəmdir və dünyada şirkətlərin innovasiyaların tətbiqi prosesinə olan münasibətini açıq şəkildə ifadə edir. Lakin bu yatırımların bəzi hallarda nəticələri çox da ürəkaçan deyil. 72% yeni məhsullar istənilən nəticəni verə bilmir və ya planlaşdırılan gəlirliliyi gətirə bilmir. Yalnız 28% uğurlu olan və bazarda uğurla mənimsənilən məhsullardan gələn gəlirlər isə ümumi yatırım olan investiyaların məbləğini qarşılaya bilir və hətta bu rəqəmləri aşa bilir. Bu normal dünya təcrübəsidir. Bu sahədə olan ən çox rast gəlinən yanlış mülahizə odur ki, innovasiyalara olan nə qədər çox yatırım varsa, o qədər də çox gəlirlilik var.

Lakin bu şirkətlərdə olan bu real rəqəmlər onu göstərir ki, innovasiyaların tətbiqi prosesində əsas meyarlar təkcə maliyyə resurslarının çoxluğu deyil. Yəni yuxarıda innovasiyaların tətbiqi üzrə sadaladığım digər kritik amillər də bu prosesin əsas vacib elementləridir. Əsas amil maliyyə dayanıqlılığıdır. Yəni siz yeni trendlərə aludə olub qeyri-rasional şəkildə, ciddi ölçü meyarları olmadan innovasiyaların tətbiqinə çalışsanız, bu o qədər də uğurlu olmaya bilər. Burada rasional rəqəmlər olmalıdır. Eyni zamanda tətbiq prosesində şirkətdə olan biznes proseslərin və komandanın motivasiyası mühüm əhəmiyyət kəsb edir. Yəni əgər sizin komandanızda innovativ layihələrlə işləyəcək işçi qrup yoxdursa, və ya biznes proseslərin optimiziyasi prosesini və rəqəmsal transformasiyanı doğru analizi və tətbiqi baş vermirsə, sonda hər hansı qazancdan danışmaq mümkün olmayacaq. Burada ən ciddi faktorlardan biri də mövcud bazarın və istehlakçıların hazırlıq səviyyəsi və vərdişləridir. Siz ya istehlakçı bazarını müxtəlif çevik kampaniyalarla bu prosesə hazırlamalı, onları yeni innovativ məhsulların istehlakı üçün vərdişlər qazanmaqda yardımçı olmalısınız ya da inqilabçı mövqedən çıxış edərək riskləri nəzərə almalısınız. Hər bir halda innovasiyaların tətbiqi prosesindən kompleks yanaşma olmadan dayanıqlı uğurdan söhbət gedə bilməz. Biz bu təcrübə ilə hər yerdə rastlaşırıq; istər Asiya, istər Avropa, istərsə də Amerikada.

Şirkət sahibləri və ya biznes subyektləri bizneslərinin inkişafı məqsədilə innovasiyaların rasional və düşünülmüş hədəflər üzərində tətbiqinə can atmalıdırlar. Bu artıq nəinki biznesin inkişafı üçün yeni imkanların yaradılmasına doğru bir şərtdir, eyni zamanda günümüzün qaçılmaz tələbidir.