Binəqədidə yolun təmirinə başlanılıb

  • 28 Fevral, 2019 11:46
Binəqədidə yolun təmirinə başlanılıb

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Binəqədi rayonu 28 May qəsəbəsində 1,4 km uzunluğunda yol yenidən qurulur.

Agentlikdən “Finans.az”a verilən məlumata görə, yol başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 22-ci km-dən götürür.

Layihə çərçivəsində torpaq əsaslı yolun yararsız hissələri qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yollar boyu karbonat materialı tökülərək yol yatağı layihə hündürlüyünə qaldırılaraq profilə salınıb.

Hazırda lazımi qarışıqdan istifadə olunmaqla yeni yol əsası inşa edilir, çiyin hissələr bərkidilir. Yol əsası hazır olan hissələrin isə artıq asfaltlaması işlərinə də start verilib. Ümumilikdə təmir-tikinti işlərinin aparıldığı ərazi 10 min kv.m-ə yaxındır.

Layihənin sonuncu mərhələsində tikinti norma və standartlarına uyğun olaraq hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkilməklə yollar vətəndaşların istifadəsinə veriləcək.