Beynəlxalq təşkilatın istiqrazlarına olan tələb təklifi 8 dəfə üstələyib - Azərbaycanda

  • 2 Avqust, 2019 10:57
Beynəlxalq təşkilatın istiqrazlarına olan tələb təklifi 8 dəfə üstələyib - Azərbaycanda

Avqustun 1-də “Bakı Fond Birjası” QSC-nin (BFB) tiracət platformasında Qara Dəniz Ticarət və İnkişaf Bankının AZ2001021487 qeydiyyat nömrəli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Finans.az" BFB-yə istinadən xəbər verir ki, hərracda rekord göstəricilər əldə edilib.

Belə ki, Bankın 10 milyon manat məbləğində kütləvi təklif üsulu ilə ticarətə buraxılmış istiqrazlarına 81 milyon manatlıq sifariş olub. Başqa sözlə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 8 dəfə üstələyib. Yerli qiymətli kağızlar bazarında ilk dəfə beynəlxalq maliyyə institutun milli valyutada emissiya etdiyi istiqrazlara investorlar tərəfindən rekord sayda - 63 sifariş təqdim olunub

Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə beynəlxalq maliyyə institutlarının istiqraz emissiyası üzrə beynəlxalq təcrübəyə uyğun stimullaşdırıcı hüquqi çərçivə yaradılması, o cümlədən BFB-nin listinq qaydalarında beynəlxalq maliyyə institutlarının spesifikasiyasına uyğun listinq tələblərinin müəyyən edilməsi ilə həmin təşkilatların istiqraz emissiyasına dair tələblər sadələşdirilib. Bu istiqamətdə atılan addımlar nəticəsində nüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan qiymətli kağızlar bazarında ilk istiqrazlarını müvəffəqiyyətlə yerləşdirib.

Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1 036,9251 manat (7,25%), orta ölçülmüş qiyməti isə 1 038,5984 manat (7,16%) müəyyən olunub. Hərrac nəticəsində istiqrazlar tam şəkildə yerləşdirilib. Tədavül müddəti 730 gün olan istiqrazlar üzrə ödəmə tarixi 31 iyul 2021-ci ildir. İllik faiz dərəcəsi 9,25% təşkil edir və faizlər rübdə bir dəfə ödənilir. Qeyd edək ki, 2019-cu ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının uzunmüddətli kredit reytinqi Standard & Poor’s tərəfindən “A-”, Moody’s tərəfindən A2 dərəcəsində müəyyən olunub.