Bərdə sakini "Azəriqaz"dan şikayətini geri götürdü

  • 8 Aprel, 2020 17:50
Bərdə sakini

"Bərdə şəhəri Həzi Aslanov küçəsində yaşayan Ələsgərov Firdovsi Əliağa oğlunun fərdi yaşayış evində qaz sayğacı 2011-ci ilin noyabr ayının 10-da quraşdırılıb. Sayğac həyət daxilində olduğu üçün göstəricilərə baxılmasına 8 il ərzində şərait yaradılmayıb, yalnız abonent özü hər sayğac oxunuşu zamanı göstəriciləri şifahi şəkildə deyib və buna uyğun da qazdan istifadəyə görə ödənişlərini həyata keçirib".

“Finans.az” xəbər verir ki, bu barədə abonentin şikayətini araşdıran "Azəriqaz"ın yaydığı açıqlamada bildirilir.

Məlumatda daha sonra bildirilir: "Uzun müddət abonentlə aparılan danışıqlardan sonra onun sayğacı 2019-cu il 29 sentyabr tarixində həyət daxilindən çölə çıxarılıb. Bu zaman məlum olub ki, abonentin sayğacının göstəriciləri nəzarətçilərə yoxlama zamanı düzgün təqdim edilməyib. Ona görə də abonentin saldosuna (yazıya əlavə olunur) diqqət yetirilərsə, 2019-cu il sentyabr ayında sayğacın real sərfiyyatı yüksək görünür və buna uyğun da ödəniləcək vəsaitdə ciddi fərq yaranır. Ümumiyyətlə, Ələsgərov Firdovsi Əliağa oğlunun abonent məlumatlarından da aydın görünür ki, ötən ilin yanvar ayından etibarən o, ödənişlərini bəzi aylarda sərfiyyatdan aşağı icra edib və buna görə də borclar üst-üstə yığılıb. Aprelin 8-də bir daha abonentlə söhbət aparılıb və o, borcundan 50 manat ödəməyə razılıq verib. Bu əslində onun borclu abonent olmasını təsdiq etməsidir. Eyni zamanda qalan məbləğin qarşıdakı aylar ərzində ödənilməsinə etiraz etməyib. Hazırda onun qaz təchizatı təmin olunub. Ələsgərov Firdovsi Əliağa oğlu heç bir şikayətinin olmadığını özü yazdığı ərizə ilə təsdiq edib.

"Azəriqaz” İstehsalat Birliyi olaraq hörmətli KİV nümayəndələrindən xahiş edirik ki, abonentlərimizin şikayətləri araşdırılarkən Birliyimizin mövqeyi dərhal soruşulsun və yazı yayımlanarkən tərəflərin mövqe balansı gözlənilsin. Əməkdaşlığınıza görə minnətdarıq".

Bərdə sakini Azəriqaz


Mənbə: ann.az