“Artıq “boss” təkcə müştəri yox, həm də işçilərdir, bildiyimiz kadrlar” - MÜSAHİBƏ

  • 1 Avqust, 2019 10:56
“Artıq “boss” təkcə müştəri yox, həm də işçilərdir, bildiyimiz kadrlar” - MÜSAHİBƏ

“MuğanBank” ASC-nin "Binəqədi" filialının müdiri Kənan Məmmədov bank sektorunun son tendensiyaları ilə bağlı “Finans.az”a müsahibə verib.

- Fikrinizcə, bu gün bazarda hansı bank məhsullarına daha çox tələbat var?

Bazarda hər zaman tələb olunan təbii ki, kredit məhsuludur, o cümlədən istehlak, biznes, ipoteka kreditləri. Lakin sürətlə inkişaf edən və istifadəsi kütləviləşən digər məhsul plastik kartlardır. İnformasiya texnologilayarı imkanlarının tətbiqi və iqtisadi maraqlandırma bu məhsula olan tələbatı artırıb.

Korporativ müştərilər üçün daha maraqlı olan məhsul ticarətdə nağdsız əməliyyatların aparılmasını təmin edən bank zəmanətləridir. İstər xarici, istərsə də daxili iqtisadi və ticarət əlaqələrində bu məhsullardan çox istifadə olunur. Faktorinq və forfeytinq əməliyyatlarının inkişafına da ehtiyac var. Bu sahədə də müəyyən irəliləyişlər mövcud olsa da, hesab edirəm ki, bu proses sürətləndirilməlidir.

Məsulun növündən asılı olmayaraq onun təqdim edilməsi və xidmət olunmasında elektron texnologiyanın tətbiqinə böyük tələbat və ehtiyac vardır. Bu həm də bu gün rəqabətdə bir addım irəlidə olmaq deməkdir.

- İstənilən işin uğurlu olması əhəmiyyətli dərəcədə düzgün kadr seçimindən asılıdır. İşçi seçimində hansı mühüm keyfiyyətlərə diqqət yetirirsiniz?

“Bir boss var, o da – alıcıdır” - bu ifadə uzun illərdir dünyanın ən iri pərakəndə ticarət şəbəkəsi adını qoruyan “Walmart”ın fundamental qaydalarından biridir. Əslində bu kifayət qədər məntiqli bir yanaşmadır. Belə ki, müştəri olmasa, nə istehsal edə, nə də sata bilərik. Uzun müddət inkişaf etmək istəyən şirkət, müəssisə və təşkilatlar bu şüara diqqət edirdilər. Lakin zaman keçdikcə müəyyən düzəlişlərə yol verildi. Artıq “boss” təkcə müştəri yox, həm də işçilərdir, bildiyimiz kadrlar. Onlar müəssisənin mənfəətlə işləməsi üçün A-dan Z-ə qədər bütün proseslərdə iştirak edən insanlardır. Kadr seçimində şəxsən mənim xüsusi əhəmiyyət verdiyim bir sıra mühüm keyfiyyətlər var. Bunlara işçinin etik davranışı, daxili qaydalara riayət etməsi, nizamlı, dürüst və səliqəli olması, öz üzərində işləmə və inkişaf etmək istəyinin, müştərilərlə kommunikasiya yaratmaq bacarığının olması aiddir.

- Bu gün ali məktəbi bitirdikdən sonra banka işə düzəlmək üçün müraciət edənlərin bilik səviyyəsi sizi qane edirmi?

Bəzən tələbələr belə fikirləşirlər ki, ali məktəbi bitirdim və mən artıq hazır bir kadram. Lakin uzunillik təcrübəmdən irəli gələrək deyə bilərəm ki, iş üçün müraciət edənlərin əksəriyyətinin bilik səviyyəsi qənaətbəxş deyil. Ümumiyyətlə, fikrimcə biliklərin formalaşması, inkişafı və möhkəmlənməsi praktik biliklərin əldə edilməsindən asılıdır. Əlbəttə, bu o anlama gəlmir ki, nəzəri biliyin olması vacib deyil. Əksinə praktik biliyin mənimsənilmə keyfiyyəti və sürəti bilavasitə nəzəri biliklərin dərinliyindən asılıdır.

Banklarda kreditləşmə artıq daha ehtiyyatlı və sərt tələblərlə aparılır

- Banklarda risklərin qiymətləndirilməsi prinsipləri son bir neçə ildə hansı təkamül yolu keçib? Bu gün banklar əvvəlki illərlə müqayisədə kreditləşməyə nə dərəcədə həvəslidilər?

Hər bir məhsul, xidmət, insan risk mənbəyi və predmetidir. Risklərin müəyyən olunması, xəritəsinin hazırlanması, müəyyən ssenarilərin qurulması və bunların ölçüləbilən hala gətirilməsi üçün müxtəlif metodlardan istifadə edilir. Bazel komitəsi də daimi olaraq yenilikləri banklarla paylaşır, öz tövsiyyə və tələblərini onlara çatdırır. Banklarda artıq risklərin qiymətləndirilməsinə formal bir hesabat kimi yox, real təhlükə önləmə kimi baxırlar. Bu proses 2008-ci ildən təkamül yoluna qədəm qoydu və 2015-ci ildə baş verən devalvasiya bu sahənin nə dərəcədə əhəmiyyətli olduğunu əyani şəkildə göstərmiş oldu. Buna baxmayaraq, fikrimcə, banklar hələ də bu məsələyə istənilən səviyyədə diqqət etmirlər. Bankların bu mövzuya yanaşmalarında müəyyən differensiallıq vardır. Risklərin qiymətləndirilməsini aparan mütəxəssislərin çatışmazlığı da mövcuddur. Düzgün aparılmayan qiymətləndirmə və ya formal yanaşılma çox ciddi maliyyə itkilərinin olması ilə nəticələnə bilər və yaxud bu itkilərin baş vermə ehtimalının öncədən görməmə risklərini yarada bilər.

Kreditləşmə bank gəlirlərinin əhəmiyyətli hissəsini təmin edir. Yüksək gəlir isə yüksək risklər deməkdir. Devalvasiyadan öncə bazarda kreditləşmə ilə bağlı ciddi bir artım dinamikası var idi. Lakin portfelin kəmiyyət artımı heç də hər zaman onun keyfiyyət artımı anlamına gəlmir. Kredit portfelindəki ciddi problemlər səbəbindən bir çox banklarda əhəmiyyətli kapital itkiləri yarandı. Məcmu kapitala olan tələblər zərərlərin qarşılanması üçün yaradılmış ehtiyyatlar səbəbindən pozulmağa başladı. Bu da çoxsaylı bankların bağlanmasına gətirib çıxardı. Əlbəttə, gəlir əldə etmək istəyi kreditləşməyə hər zaman həvəsin olmasını təmin edəcək. Lakin artıq kreditləşmə ehtiyyatlı və daha sərt tələblərlə aparılır.

- Bazardakı rəqabəti necə dəyərləndirirsiniz? Bu gün bank xidmətlərinin istehlakçısının görmək istədiyi ideal bank modeli hansıdır?

Nə qədər ki, bazar var onun iştirakçıları arasında bazar mövqeyi uğrunda rəqabət də olacaq. Bank sektoru da istisna deyil. Bu gün burada açıq və intensiv rəqabət dönəmini izləməkdəyik. Bəs kim bu rəqabətdən maksimum mənfəətlə çıxacaq və ideal bank modeli adını qazanacaq? Sağlam, bilikli və bacarıqlı kadrları olan, korporativ idarəetmə üsulunu tətbiq edən, liderlik xüsusiyyətləri olan rəhbərlərin olduğu, innovativ bankçılıq üçün qapılarını açıq qoyan, motivasiya sistemini quran və tətbiq edən, operativ və keyfiyyətli xidməti təmin edən, onlayn, mobil və internet bankçılığı tam gücü ilə keyfiyyətli formada tətbiq edən bank.

- Artıq birinci yarımilə yekun vuruldu. Filialınız planlaşdırılan göstəriciləri əldə edə bildimi? Əvvəlki ilə nisbətdə dinamika varmı?

- Filialda məqsədimiz Bankın strateji planına və missiyasna uyğun olaraq qarşıya qoyulmuş hədəfləri aşaraq məqsədə çatmaqdır. Filialımızda çoxlu sayda fiziki şəxslər, fərdi sahibkarlar və korporativ müştərilərə xidmət olunur. Hər bir iqtisadi fəaliyyətin son məqsədi mənfəət əldə etməkdir. Buna nail olmuşuq! Dinamika isə müsbətdir.

- Filialınız qarşısında duran əsas məqsədlər hansılardır? Necə hesab edirsiniz, bank sektorunda vəziyyət ikinci yarım ildə hansı şəkildə dəyişəcək?

Filialımızın qarşısında duran əsas məqsəd bankımızın strateji məqsəd və planlarının yerinə yetirilməsində bir struktur vahidi kimi aktiv iştirak etmək, minimum xərclərlə maksimum gəlir əldə etmək, bankın imicinin daima yaxşılaşması üçün öz tövhəmizi verməkdir.

Bank sektorunda ilin ikinci yarısında kiçik lakin müsbət dinamikaların olacağını düşünürəm. Buna həm banklarda toksik aktivlərin qismən azalması, real sektorda hiss olunacaq artımlar və qısa dönəmli bir zaman kəsiyi üçün ciddi valyuta risklərinin gözlənilməməsi təsir edəcək.