Banklar manat kreditlərinə güzəştlərə niyə başlamır? - PROBLEMLİ KREDİTLƏR

  • 7 May, 2019 11:21
Banklar manat kreditlərinə güzəştlərə niyə başlamır? - PROBLEMLİ KREDİTLƏR

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı çərçivəsində xarici valyutada olan kreditlərin kompensasiya edilməsi, manatla olan kreditlərin isə restrukturizasiyası nəzərdə tutulub.

"Finans.az" xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, manatla olan problemli kreditlərə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulmayıb: "Çünki fərman devalvasiya nəticəsində yaranan məzənnə fərqinin kompensasiya yolu ilə ödənilməsini nəzərdə tutur və nəticə etibarilə xarici valyutada olan və hər iki devlvasiyalardan birini görən kreditlərə kompensasiyanın ödənişi həyata keçirilir. Mexanizm əsasən birinci devalvasiyanı görən kreditlərin əsas məbləğinin hər dollarına 25 qəpik, ikinci devalvasiyanı görən kreditlərin isə hər dollarına 60 qəpiyin ödənilməsini nəzərdə tutub. Bu zaman tələb olunan şərt əsas məbləğin 10 min dollardan az olmasıdır. Manat ilə kreditlərdə isə 17 min manatadək olan və son bir ildə, yəni 365 gün yubanması olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Restrukturizasiya nəticəsində güzəşt nəzərə alınmaqla yeni kredit müqaviləsi təklif ediləcək və bağlanacaq. Bu zaman manatla kreditlərə faiz və cərimə, eləcə də dəbbə pulunun silinməsi, əsas məbləğin isə 5 illik kredit formasında həmin kredit sahibinə yeni kredit kimi təklif edilməsi nəzərdə tutulur. Burada kredit ödənişləri birinci il faizsiz olacaq, növbəti dörd ildə isə 1% faiz hesablanacaq".

İqtisadçı-ekspert Vüqar Bayramov

Bu yolla manat kreditləri restrukturizasiya olunaraq güzəştlər tətbiq olunacaq və bu güzəştlər nağd formada kredit sahibinə ödənişlər deyil. Bu zaman 17 min manatdan çox olmayan problemli kreditlərin 5 illik yeni müqavilə əsasında bağlanması və aylıq ödəniş məbləğlərinin azaldılması nəzərdə tutur.

Ekspert "Finans.az"a açıqlamasında həmçinin bildirdi ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) açıqlamasına görə, artıq ötən həftədən etibarən problemli manat krediti olanlar banklara dəvət olunaraq həmin kreditlərin restrukturizasiyasına başlanmalı idi.

Belə ki, ABA-nın sədri Zakir Nuriyev 22 aprel tarixində verilişlərin birinə müsahibəsi zamanı vahid kredit formasının təsdiq edildiyini və bu forma ilə bütün vətəndaşlara növbəti həftədən başlayaraq kreditlərin restrukturizasiyasını da həyata keçirə biləcəklərini bildirmişdi:

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev

Paralel olaraq həm kompensasiyaların ödənişi həyata keçiriləcək, həm də vətəndaşların banklarda olan kreditlərinin restrukturizasiyasını həyata keçirəcəyik.

Məlumata əsasən, artıq ötən həftədən banklar problemli manat kreditlərinin restrukturizasiyasına başlamalı idi. Lakin vətəndaşlar hələ də bu prosesin başlamamasından şikayət edir. Bununla bağlı bir sıra banklarla əlaqə saxlasaq da, bir çoxu hələ də rəsmi məlumatın olmadığını bildirdi. Banklardan biri isə may ayının 15-dən sonra prosesə başlanıla biləcəyini qeyd etdi.