Banklar depozitlər üzrə hansı faizləri təklif edir? - ARAŞDIRMA

  • 1 iyul, 2021 10:50
Banklar depozitlər üzrə hansı faizləri təklif edir? - ARAŞDIRMA

2021-ci ilin iyun ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklar milli və xarici valyutada əhalidən cəlb edilən əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxıb.

"Finans.az"ın araşdırmasına görə, manatla qəbul olunan depozitlər üzrə faiz dərəcələri “Turanbank”da 9,50-11,00 %-dən 9,75-11,00 %-ə yüksəlib.

“BTB Bank”da milli valyutada qəbul edilən əmanətlər üzrə faiz dərəcələri 12,00 %-dən 10,00-11,00 %-ə, “Unibank”da isə 9,50-10,00 %-dən 8,50-9,00 %-ə endirilib. Hər iki bankda dollar əmanətləri üzrə faiz dərəcələri müvafiq olaraq 2,50 %-dən 2,00 %-ə və 1,00-1,50 %-dən 0,50-1,00 %-ə kimi azaldılıb.

Bütövlükdə banklar milli valyutada olan əmanətləri 4,00-11,50 %, dollar əmanətlərini 0,10-2,50 %, avroda olan depozitləri isə 0,01-1,10 % diapozonunda qəbul edir.

Məlumatların toplanmasında əsas kriteriya kimi əmanətlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1 000 manatı aşmaması götürülüb. Bu baxımdan araşdırmaya "Paşa Bank" (minimum məbləğ 20 000 AZN), "Premium Bank" (20 000 AZN) və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının və “AFB Bank”ın isə depozit qəbul etməsi haqda açıq mənbələrdə heç bir məlumat yoxdur.

Daha ətraflı məlumat aşağıdakı infoqrafikada təqdim olunub:

Banklar depozitlər üzrə hansı faizləri təklif edir? - ARAŞDIRMA