Bank sektorunun aktivləri azalıb - RƏQƏMLƏR

  • 30 May, 2019 17:12
Bank sektorunun aktivləri azalıb - RƏQƏMLƏR

30 aprel 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,769.1 mln. manat, cəmi öhdəlikləri isə 25,349.3 mln. manat təşkil edib.

"Finans.az" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, sektorun cəmi aktivləri ay ərzində 0,26% azalıb.

Aprel ayına sektorun aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edib. Ay ərzində xalis kredit portfeli 0.3% (30.3 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12,674.8 mln. manat olub, ay ərzində milli valyutada kreditlər isə 1.4% (110.9 mln. manat) artaraq 8,093.9 mln. manata çatıb.

2019-cu ilin aprel ayında fiziki şəxslərin əmanətləri 8,625.2 mln. manat təşkil edib. Aprel ayında əmanətlər 4.5% (371.7 mln. manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli və tələbli əmanətlər hesabına olub. Aprel ayı ərzində fiziki şəxslərin tələbli əmanətləri 13.2% (367.8 mln. manat) artaraq 3,155.5 mln. manat, müddətli əmanətlər isə 0.1% (3.9 mln. manat) artaraq 5,469.7 mln. manat təşkil edib.

Hüquqi şəxslərin müddətli depozitləri ilin əvvəli ilə müqayisədə 19.2% (278 mln. manat) artaraq 1,727.7 mln. manata çatıb. Hüquqi şəxslərin ümumi depozitləri ayın sonuna 10,176.4 mln. manat təşkil edib.

Sektorun balans kapitalı aprel ayı ərzində 2.5% (106.1 mln. manat) artaraq 4,419.8 mln. manata çatıb.