Bank olmayan kredit təşkilatları banklara bərabər tutulur - RƏY

  • 4 Sentyabr, 2019 10:03
Bank olmayan kredit təşkilatları banklara bərabər tutulur - RƏY

İyunun sonunda Milli Məclis birinci oxunuşda “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Qanun layihəsini (http://www.meclis.gov.az/?/az/law/2293/1) qəbul edib. Layihə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən əsasən Kosovo, Tacikistan, Türkiyə, Latın Amerikası, Asiya və Afrika ölkələrinin təcrübəsi əsasında hazırlanıb.

"Finans.az" xəbər verir ki, bunu hüquqşünas-ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, layihə faktiki olaraq tənzimləmə və nəzarət baxımından bank olmayan kredit təşkilatlarını (BOKT) banklara bərabər tutur. "Belə ki, banklarda olduğu kimi BOKT-lara da aşağıdakı tələblər müəyyən edilir: 1) kapital; 2) təsisçiliyə kəmiyyət və keyifiyyət tələbləri; 3) inzibatçılara dair tələblər (o cümlədən attestasiya tələbi); 4) əlavə prudensial tələblər (leverec əmsalı və s.); 5) Palata tərəfindən sərt təsir və nəzarət tədbirləri və s. Həmçinin, BOKT-ların ləğvi də bütövlükdə Palatanın nəzarətinə verilir.

Bütövlükdə BOKT-lar üzərində nəzarətin gücləndirilməsinin özündə pis bir şey yoxdur. Lakin bu zaman başa düşmək lazımdır nəyi və nəyə görə edirik. BOKT-lara da banklar kimi tələblər qoyulursa, onlar arasında fərq niyə qoyulur? Nəzarət güclənirsə, BOKT-lara əlavə səlahiyyətlər verilirmi? Xeyr. Layihədən görünür ki, BOKT-ların fəaliyyət çərçivəsi əvvəlki kimi qalır, amma onlara dair tələb və nəzarət sərtləşdirilir. Üstəlik BOKT-lar haqqında Qanunun mövcud bütün qüsur və ziddiyyətləri də yerində qalır".

Ekspert əlavə edib ki, sözügedən Qanunun həqiqətən ciddi təkmilləşdirilməsinə böyük ehtiyac var. "Belə ki, onun əsas qüsuru BOKT-ların təsnifatıdır. Qanuna görə BOKT-lar 2 növə bölünür: girov əmanəti qəbul edə bilən və bilməyən. Müvafiq olaraq girov əmanəti qəbul edən BOKT-lara qarşı tələblər də nisbətən daha sərtdir.

Çünki mahiyyətcə girov əmanəti, heç də əmanət deyil, Mülki Məcəllə ilə nəzərdə tutulan pul vəsaitinin girovudur. Buna görə də onu nəinki BOKT, istənilən kreditor tələbinin təminatı kimi qəbul edə bilər. Digər tərəfdən isə BOKT girov əmanəti hesabına kreditlər verə və digər maliyyə xidmətləri göstərə bilməz. BOKT-ə heç bir üstünlük vermədiyi halda girov əmanəti qəbul etmək hüququ BOKT-in üzərinə bir sıra xüsusi prudensial normativə və tələbə riayət etmək vəzifəsini qoyur. Halbuki, girov əmanəti qəbul etmək hüququ heç bir risk yaratmır. Belə ki, girov əmanətinin məbləği təmin olunan əsas borcun qalığı və ona hesablanacaq faizlərdən, müddəti isə kreditin müddətindən artıq ola bilməz. Deməli, borc alan heç bir halda yerləşdirdiyi girov əmanətini itirə bilməz. Qeyd edilənlərdən belə çıxır ki, BOKT-ə girov əmanəti qəbul etmək hüququna malik olmaq sərf etmir. Buna görə də məsələnin mahiyyətindən hali olan heç bir BOKT girov əmanəti hüququna malik olmaq istəməz. Bu isə o deməkdir ki, mövcud təsnifatın praktiki əhəmiyyəti yoxdur. Buna görə də təsnifatın meyarı dəyişdirilməlidir".

"Bu gün Azərbaycanda BOKT-un bankdan fərqi budur ki, yalnız kredit verə bilər. Yəni hesablaşma-kassa əməliyyatları aparmaq və əmanət qəbul etmək səlahiyyəti yoxdur. Ümumən xarici təcrübə isə göstərir ki, bankın BOKT-dan fərqi əmanət qəbul etmək səlahiyyətininin mövcudluğundadır. Yəni əksər ölkələrdə BOKT-lar hesablaşma-kassa əməliyyatları da apara bilir. Bizdə isə BOKT nəinki valyuta mübadiləsi əməliyyatını apara bilmir, hətta krediti də mütləq bankın vasitəçiliyi ilə verir, çünki kassa əməliyyatları apara bilməz. Fakiti olaraq BOKT-lar banklardan asılı vəziyyətdədir, qeyri-bərabərlik var. Yeganə istisna «Aqrarkredit» QSC BOKT-dir: hesablaşma-kassa əməliyyatları aparır", - deyə ekspert vurğulayıb.

Hüquqşünas-ekspert Əkrəm Həsənov

Buna görə də BOKT-ları məhz hesablaşma-kassa əməliyyatları aparmaq imkanı meyarına görə 2 növə bölmək lazımdır. Bu halda hesablaşma-kassa əməliyyatlarını aparmaq hüququna malik olan BOKT-in bankdan yeganə fərqi, fiziki şəxslərdən əmanət və ya digər şəkildə əvəzli kredit cəlb etməsinin qadağan (istiqrazların buraxılması istisnadır) olmasından ibarət olacaq. Nəticədə daha sərt prudensial normativ və tələblərə cavab verən BOKT-lər banklardan asılı vəziyyətdə fəaliyyət göstərməyəcək. Yekunda dəyişiklik BOKT-lərin fəaliyyət istiqamətlərini genişləndirərək maliyyə xidmətləri bazarının inkişafına təkan verəcək. Mövcud Qanunun digər ən böyük qüsuru 15-ci maddəsidir. Oradan belə çıxır ki, sanki BOKT yalnız həmin maddədə təsbit edilən fəaliyyət növlərini həyata keçirə bilər. Məsələn, hətta daşınmaz əmlakını da icarəyə verə bilməz. Halbuki, heç banklara münasibətdə belə sərt tələb mövcud deyil. Buna görə də BOKT qanunla qadağan edilməyən hər hansı digər fəaliyyət növünü həyata keçirə bilməlidir.