Bakının daha bir yolunda təmir işlərinə başlanılıb

  • 7 Fevral, 2019 10:31
Bakının daha bir yolunda təmir işlərinə başlanılıb

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunda ümumi uzunluğu 20 km-ə yaxın daxili avtomobil yolu əsaslı şəkildə bərpa olunacaq.

Agentlikdən “Finans.az”a verilən məlumata görə, artıq bu çərçivədə Xəzər rayonunda Mərdəkan şosesindən ayrılan və “Badam Bağları” yaşayış massivinə gedən yolun, həmçinin bu yola paralel 2 qəsəbədaxili küçənin əsaslı şəkildə bərpası işlərinə start verilib.

Aparılan işlər çərçivəsində köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.

Layihə çərçivəsində yolun hərəkət hissəsinin eni 7 metr təşkil edəcək. Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa ediləcək. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə iri və xırda asfalt-beton qarışığından yeni yol örtüyü salınacaq.

Yol boyu zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkilərinin inşası da layihədə nəzərdə tutulmuş işlərdəndir.

Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.