Bakının Baş planına məhəl qoyulmadan tikilən binalar şəhərin görkəminə xələl gətirdi - Memar

  • 5 Dekabr, 2018 15:55
Bakının Baş planına məhəl qoyulmadan tikilən binalar şəhərin görkəminə xələl gətirdi - Memar

"Finans.az" “Chiza” memarlıq bürosunun təsisçiləri Çingiz Ağarzayev və Zəki Cəbiyev ilə olan müsahibəni təqdim edir.

Sizcə, layihə çəkmək asandır? Hamı layihə çəkib, onu reallaşdıra bilərmi?

- Bu iş olduqca çətin və məsuliyyət tələb edən bir işdir. Tək adamın bu işi bacarması qeyri-mümkündür. Memarlıq işi qrup şəklində aparılır. Həmçinin bu iş uzun müddət ərzində toplanmış təcrübə tələb edir. Hansısa bir layihəyə rəhbər imzası atmaq üçün illərlə çalışmalısan.

Bu işdə daha çox fantaziya tələb olunur, yoxsa savad?

- Təbii ki, güclü fantaziyaya sahib olmaq üçün müəyyən bir savada da sahib olmaq şərtdir. Bu sahə elə bir sahədir ki, mütləq savad da, fantaziya da kifayət qədər olmalıdır. Bunlar bir-birini balanslaşdırmalıdır.

Daha gözəl layihə üçün daha çox pul lazımdır, ya daha çox peşəkarlıq?

- Bu, layihəyə görə dəyişə bilir. Məsələn, xaricdə elə sosial layihələr olur ki, o tipli layihələr çox pul tələb etmir. Əsas pul memara, ideyaya görə verilir. Funksionallıq bu işdə önəmlidir. Amma təbii ki, gözəl layihə xeyli əmək, böyük zəhmət tələb edir. Buna misal olaraq, Heydər Əliyev Mərkəzini göstərə bilərik.

Bildiyimiz kimi siz ilk layihələndirmə bürosu kimi fəaliyyət göstərirsiniz. Layihələndirmə bürosunun şirkətdən fərqi və oxşar cəhətləri nələrdir?

- Hazırda Azərbaycanda şirkətlər həddindən çoxdur. Bizim işimiz sırf yaradıcı prosesdir. Memarlıq da incəsənətin bir növüdür. İnsan nə qədər dar yerdə olsa yaradıcılıq qabiliyyətləri də bir o qədər sıxılar. Biz bu büronu açmamışdan öncə bir neçə yerdə birlikdə çalışmışıq. Məqsədimiz emalatxana mühiti yaradıb yaradıclıq fəaliyyətimizi də orada davam etdirmək oldu və nəhayət bu büronu yaratmağa qərar verdik.

Hansı xarici ölkələrdə layihələriniz həyata keçirilib?

- Bizim Türkiyə, Rusiya, Qazaxıstan və başqa bir neçə ölkələrdə sosial tipli kiçik, ictimai layihələrimiz olub. Əsas göstərilən xidmətin effektiv olmasıdır. Qazaxıstanda bir neçə layihəmiz investisiya probleminə görə tamamlanmayıb. Hazırda Türkiyədə bir sosial layihə üzərində çalışırıq. O cümlədən mütəmadi olaraq beynəlxalq memarlıq müsabiqələrində iştirak edirik. Buna Xorvatiyada, Afrikanın Savanna ərazisində, Hollandiyada, Əfqanıstanda və s. olan layihələri misal çəkmək olar.

Memar- Ölkənin nəqliyyat sistemi tamamilə dəyişdirilməlidir

Hansı inkişaf etmiş ölkədə layihə həyata keçirmək istəyərdiniz və hansı layihəni?

- Bizim üçün ölkənin fərqi yoxdur, əsas layihənin məzmunu və təşkilidir.

Azərbaycanda sizin işinizə maraq nə dərəcədədir?

- Hal-hazırda sosial yaşayış kompleksi üzərində çalışırıq. Tenderlərdə mütəmadi olaraq iştirak edirik. Bir layihəmiz tenderdə qalib gəlib. Gələn il Azərbaycanın ən səfalı yerlərindən birində layihənin inşasına başlanılacaq.

Bu sahədə rəqabət varmı? Necə olur?

- Əlbəttə ki, rəqabət hər yerdə olduğu kimi bu sahədə də var. Rəqabətin olmadığı yerdə inkişafdan söhbət belə gedə bilməz. Bu normal bir tendesiyadır. Sadəcə əsas rəqabətin normal şəkildə aparılmasıdır.

Bəs bazarda sizinlə eyni işi görən şirkətlərin fəaliyyətini necə dəyərləndirirsiniz?

- Bizim fikrimizcə, ötən illərə nisbətən bazarda ümumi inkişaf prosesi hiss olunur. Təəssüflər olsun ki, bu prosses zəif gedir. Zəif inkişafın getməsində də sifarişçilərin əməyi var.

Sizcə, bu gün Bakı şəhərinin planlaşdırılmasında nəyi dəyişmək olar?

- Hazırda ölkədə əsas nəqliyyat infrastrukturu dəyişdirilməlidir. Ümumiyyətlə bizim şəhər piyada şəhəri deyil. Yolları genişləndirmək, böyütmək bunlar hamısı piyadanı sıxır, piyada hərəkətinə məhdudiyyətlər yaradır. Bu gün Bakıda piyadanın normal hərəkəti çox çətinləşib. Hal-hazırda yolların genişləndirilməsi avtomobillərin sayının artmasına və hərəkətin sıxlığına gətirib çıxardır. Bununla da, ictimai nəqliyyatın sərbəst hərəktində maneələr yaranır, vətəndaşların lazımi ünvana, zamanında çatması mümkün olmur. Lakin bir çox Avropa olkələrində piyadalar, velosiped sürənlər, avtobuslar, tramvay və trolleybuslar üçün xüsusi zolaqlar ayrılıb ki, onların hərəkətlərinə heç bir maneə yaradılmasın. Bizdə bu tip layihələr yoxdur. Məsələn Nizami küçəsində, Fəvvarələr meydanında piyadalar rahat şəkildə hərəkət edir. Bizim fikrimizcə, bu tipli küçələrin sayı artırılmalıdır. 90-cı illərin sonundan başlayaraq paytaxtda kütləvi şəkildə Bakının Baş planına məhəl qoyulmadan, xaotik şəkildə tikilən binalar şəhərin görkəminə böyük xələl gətirdi. Bakı özünün amfiteatr görkəmini itirdi. Bunun özü çox mənfi bir xüsusiyyətdir. Bugünkü gün pilot layihələr şəhərin görkəmini bərbad şəkildə dəyişib. Fikrimizcə, bu cür halların qarşısı alınmalıdır.

Əgər sıfırdan şəhər salmağı sizə tapşırsalar, orada necə binalar layihələndirərdiniz - çoxmərtəbəli, ya azmərtəbəli?

- Sözsüz ki, biz çoxmərtəbəli binaların tərəfdarı deyilik. Lakin şəhəsalma zamanı kompazisiyaya əsasən qarışıq tipli binalardan istifadə etmək lazımdır. Bizim fikrimizcə, şəhərdə infrastruktur salınarkən əsas şərt binaların çox və ya azmərtəbəli olması deyil. Şəhər bütov bir mexanizm şəklində olmalıdır.

Memar- Ölkənin nəqliyyat sistemi tamamilə dəyişdirilməlidir

Büronun gələcəyini necə görürsünüz?

- İdeyalarımız çoxdu geridə onları həyata keçirmək qalır. Bizim işimiz də budur. Gələcəklə bağlı bir neçə layihələrimiz var. Layihələrimiz bizim övladımız kimidir, hər bir yeni layihə bizim büronun övladıdır. Ona görə də irəli getmək üçün əlimizdən gələni edirik.