Bakı sakini: “İstərdim, tramvay ölkəmizə qayıtsın, avtoqəzaların da sayı azalar”

  • 13 Yanvar, 2020 14:09
Bakı sakini: “İstərdim, tramvay ölkəmizə qayıtsın, avtoqəzaların da sayı azalar”

Bir çox ölkələrdə ictimai nəqliyyat vasitəsi kimi rahat, ekoloji baxımdan təmiz, elektrik enerjisi ilə işləyərək havanı çirkləndirməyən tramvaylardan istifadə olunur.

Bu nəqliyyat vasitəsini hələ 20 il öncə Bakı küçələrində də görmək olardı. Sonra mərkəzi küçələrdən başlayaraq kənar yollara kimi bütün tramvay xətləri söküldü. “Bakı Tramvay Parkı” isə 2003-cü ilin noyabrında fəaliyyətini dayandırdı.

Bir müddət əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakıda tramvayın bərpa olunacağaını bildirib: "Xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır. Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”.

"Finans.az" tramvay nəqliyyatının bərpası ilə bağlı Bakı sakinlərinin fikrini öyrənib.

Rahilə Mehdiyeva deyir ki, bir vaxtlar o, özü də tramvay nəqliyyat vasitəsindən istifadə edib:

"Tramvay xətti o vaxtlar, yəni 1966-68-ci illərdə “Gənclik”dən keçib Alatavaya qədər gedirdi. Çox rahat minik növü idi, həm də sərfəli, qiyməti beş qəpik. Heç tıxac problemi də olmurdu. O dövrün Bakısında nə hazırkı maşınların üçdə biri var idi, nə də metro. Hamı tramvaylardan istifadə edirdi. Mən çox məmnun olaram ki, Bakıda yenə də bu nəqliyyat vasitəsindən olsun. Gediş qiyməti aşağı olsa da, çox rahatdır".

Bakı sakini Günel Ağayeva tramvay xətlərinin çəkilməsi üçün real maneələrdən danışıb:

"Fikrimcə, hazırkı yolların infrastrukturu tramvay xətlərinin çəkilməsi üçün əlverişli deyil. Hazırda xətlərin yenidən qurulması üçün yeni yolların salınması əsas vacib şərtdir. Bakı küçələrində tramvay nəqliyyatının olmasının əsas müsbət cəhəti yolda tıxacların az olmasını təmin edəcəyidir".

Bakı sakini Gülsüm Məmmədova tramvaydan istifadə etməsə də, olmasını istəyir:

"Deyirlər, tramvay nəqliyyatı həm ucuz olur, həm də rahat. Çünki sürət həddi var, onu keçmək olmur. Düşünürəm ki, belə olsa avtoqəzaların da sayı azalar. Çox istərdim ki, bu nəqliyyat vasitəsi yenə də ölkəmizə qayıtsın. Ödəniş haqqı tələbələr üçün daha sərfəli olsa, yaxşıdır. Onsuz da bu nəqliyyat vasitəsində qiymət yüksək olmur".

Azadə Yolçu