Bakı-Naxçıvan aviareysinə bilet satışı qaydası dəyişdi

  • 6 Avqust, 2020 14:55
Bakı-Naxçıvan aviareysinə bilet satışı qaydası dəyişdi

Bu gündən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək.

Bu barədə "Finans.az"a AZAL-dan bildirilib.

Məlumata görə, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki üsulla yazılmaq mümkündür:

- azal.az saytında https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919

linki vasitəsilə onlayn formanı doldurmaqla;

- (+99470) 4374081 nömrəsinə WhatsApp vasitəsilə yazılı müraciət edərək.

Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb.