Bakı metrosunda uzunluğu 100 metr olan eskalator quraşdırılır

  • 12 Fevral, 2019 14:24
Bakı metrosunda uzunluğu 100 metr olan eskalator quraşdırılır

Metronun “Xətai” stansiyasında “LT-2” tipli 3 eskalator əvəzinə yenilərinin quraşdırılması prosesinə başlanılıb.

“Bakı Metropoliteni” QSC-dən “Finans.az”a verilən məlumata görə, təmir-yenidənqurma prosesinin ikinci mərhələsi çərçivəsində köhnə eskalatorların mühərriklərinin beton özülü dağıdılaraq stansiyadan daşınmışdı.

Hər birinin çəkisi 4-8 tona bərabər olan bir neçə hissədən ibarət yeni eskalatorların quraşdırılmasına başlamazdan əvvəl maşın zalında aparılan söküntü işləri müddətində oradan verilən əlavə dayaqlar vestibül döşəməsinin möhkəmliyini artırır. Həmçinin bu müddətdə eskalator hissələrinin maili gedişə düzülməsi məqsədilə qaldırıcı konstruksiya da quraşdırılıb. Onu da qeyd edək ki, maili gediş boyunca tunelin metal geyiminin korroziyadan təmizlənərək, axıntıların qarşısının alınması məqsədilə tədbirlər görülüb, korroziya əleyhinə uzun ömürlü, keyfiyyətli boya ilə rənglənmə işləri aparılıb. Eskalatorların quraşdırılması başa çatdıqdan sonra, maili gediş boyunca çətir örtüyün vurulmasına başlanılacaq.

Hazırda markşeydərlərin ciddi nəzarəti altında 1-ci və 4-cü eskalatorların hissələri stansiyaya gətirilərək, yerinə qoyulur və quraşdırma işləri aparılır. Onu da əlavə edək ki, Bakı metropoliteninin ən dərin stansiyası olan "Xətai"də eskalatorların uzunluğu 100 metrə yaxın olacaq.

Yeni eskalatorlar haqqında onu da xüsusi qeyd edək ki, "LT-2" tipli köhnə analoqlarından fərqli olaraq, yeni maşınların mühafizə bloklarının sayı 2 dəfə çoxdur və bu da sərnişin təhlükəsizliyinin daha da yüksəldilməsinə xidmət edir.

Birçıxışlı olduğundan sərnişinlərin giriş-çıxışına bağlanmış stansiyada digər infrastrukturun da yenilənməsi prosesi plana uyğun qaydada aparılır. Artıq vestibülün esklatorlara giriş meydançasında divar örtüyünün vurulmasına başlanılıb. Bu məqsədlə, əvvəlcə metal tor konstruksiya yığılır, daha sonra divarın mərmər örtüyü vurulur. Binanın fasad hissəsində də möhkəmləndirmə işlərinin 30%-ni yekunlaşmış hesab etmək olar. Uzunmüddətli istismar dövründə stansiyanın ikimərtəbəli binasında divarların gücləndirilməsi məqsədilə metal konstruksiya yığılıraq, betonlanır. Stansiya damının izolyasiyası bu işlərə paralel olaraq, aparılır. Stansiyanın ön hissəsindəki metal şəbəkələr planlı surətdə sökülərək bərpa olunur.

Vestibül və maşın zalı hissəsində yerləşən xidməti otaqlarda planlaşdırılmış təmir işləri aparılır, eləcə də stansiya avadanlıqlarının yenilənməsi, müasir yanğından mühafizə sistemləri və videomüşahidə şəbəkəsinin qurulması istiqamətində də tədbirlər başlayıb.