Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib

  • 13 Sentyabr, 2019 14:48
Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK), xüsusilə Nəqliyyat Qovşağı dərs ilinin başlaması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

“Finans.az” BBAK-a istinadən xəbər verir ki, Nəqliyyat Qovşağı nəqliyyat vasitələrinin ümumi gəliş nöqtəsidir və yay fəslinin sona çatması və yeni dərs ilinin başlaması səbəbilə regionlardan paytaxta səfər edənlərin sayı üstünlük təşkil edir: “Gəncə, Mingəçevir, Quba, Qusar, Xaçmaz, Bərdə, Tərtər istiqamətlərindən paytaxta gələnlərin sayı daha çoxdur. Nəqliyyat Qovşağında gələn sərnişinlərin rahatlığının təmin olunması məqsədilə nəzarət gücləndirilib”.

Qeyd edilib ki, həm beynəlxalq, həm də şəhərlərarası istiqamətlərdən gələn sərnişinlər burada tam rahat şəkildə şəhər nəqliyyatından, taksi xidmətindən, eyni zamanda yaxınlarını qarşılamaq üçün gələnlər burada parkinq xidmətindən istifadə edə bilərlər: “Nəqliyyat Qovşağında rahat hərəkəti təmin etmək məqsədilə ərazidə istiqamətləndirici nişanların quraşdırılması işi də artıq yekunlaşıb.Hazırda şəhərlərarası istiqamətlərə səfər edənlərin sayında azalma müşahidə olunur. Belə ki, gün ərzində şəhərlərarası və beynəlxalq istiqamətlərə səfər edənlərin sayı 7-8 min arasında dəyişir. Sentyabrın ilk 10 günü ərzində ümumilikdə 85 402 sərnişin Bakı Beynəlxalq Avtovağzal Kompleksindən istifadə edib. Onlardan 75 204 sərnişin şəhərlərarası, 10 198 sərnişin isə beynəlxalq reyslərlə səfərini təmin edib”.