“Azərpoçt”la göndərilən poçt göndərişlərini onlayn izləmək mümkün olacaq - EKSKLÜZİV

  • 4 Dekabr, 2018 15:52
“Azərpoçt”la göndərilən poçt göndərişlərini onlayn izləmək mümkün olacaq - EKSKLÜZİV

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC yeni mobil əlavəsini istifadəyə verəcək.

“Finans.az” xəbər verir ki, layihə mobil poçt bələdçisi olan “Postcal”dır. Layihənin məqsədi “Azərpoçt” MMC-nin göstərdiyi bir çox xidmətləri onlayn platformaya daşımaqdan ibarətdir.

“Postcal” ilə bağlı məlumat verən layihənin marketinq meneceri Vəfa Rüstəmova bildirib ki, mobil tətbiq veb-sayt, “iOS”, “Android” platformalarında fəaliyyət göstərəcək.

“Layihə 2 mərhələdən ibarət olacaq. Hal-hazırda çalışan funksiyalarımızdan biri xərclərin hesablanmasdır. Belə ki, hər bir vətəndaş poçt məntəqəsinə getmədən bu mobil tətbiqi mobil telefonuna əlavə etməklə göndərəcəyi hər hansı bir bağlamanın, məktubun, poçt növünün qiymətini hesablaya biləcək. Bundan başqa, tətbiqin poçt şöbəsinin tapılması funksiyası da vardır ki, bununla vətəndaşlar yaşadığı ünvanın poçt indeksini tapa biləcək. Həmçinin, bu mobil tətbiqlə yaxınlıqda olan poçt məntəqələrinin ünvanlarını da görmək mümkündür. Bu tətbiqdə “Azərpoçt”la göndəriş qaydaları, göndərilməsi və qəbul edilməsi qadağan olunan məhsulların siyahısı da var”, - deyə V.Rüstəmova əlavə edib.

Layihə menecerinin sözlərinə görə, layihənin ikinci mərhələsində poçt göndərişlərinin izlənilməsi nəzərdə tutulur: “Bununla göndərdiyiniz bağlama harada olmasını izləmək, məlumat almaq mümkün olacaq. Daha sonra “Azərpoçt”un göstəridiyi onlayn və ya pul köçürmələrini elektronlaşdırıb bir tətbiq üzərində cəmləşdirmək mümkün olacaq. Mobil tətbiq həm onlayn, həm də oflayn işləyir. Amma informasiyaların, qiymətlərin, qadağan olunmuş məhsulların siyahısı dəyişə biləcəyindən onlayn işlətməklə yenilənmiş, daha düzgün informasiyanı görmək mümkündür”.