“Azərpambıq” gəlirlərini 3 dəfədən çox artırıb

  • 31 may, 2021 15:47
“Azərpambıq” gəlirlərini 3 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 34,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Finans.az”ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 23,8 milyon ABŞ dolları və yaxud 3,2 dəfə çoxdur.

Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında “Azərpambıq” MMC 10,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Xatırladaq ki, "Azərpambıq" 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.