“Azərkosmos” Yaponiya şirkəti ilə anlaşdı

  • 7 Fevral, 2020 11:47
“Azərkosmos” Yaponiya şirkəti ilə anlaşdı

“Azərkosmos” ASC və Yaponiyanın Yerüstü idarəetmə seqmenti üzrə xidmət təminatçısı olan “İnfostellar” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

“Finans.az” xəbər verir ki, “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Universal Yerüstü Stansiya sayəsində “İnfostellar” şirkəti öz müştərilərinə yüksək, çox yüksək ayırdetməli və radar peyk təsvirlərinə daha asan çıxış imkanları təqdim edəcək.

“Azərkosmos”un Universal Yerüstü Stansiyası Avropa və Asiya qitələri arasında ideal bir məkanda yerləşir. Universal Yerüstü Stansiya real vaxt müddətində digər aşağıorbitli peyklərin siqnalını qəbul edir və ötürür. 5.5 m S/X diapozonlu antena sisteminə və şəbəkə infrastrukturuna malik olan yerüstü stansiya daha yığcamdır və digər aşağıorbitli peyklərin informasiyasını asanlıqla qəbul etmək imkanına malikdir. Stansiya özünün sistem imkanları baxımından müştərilərin texniki tələblərinə uyğun olaraq daha çevik xidmət göstərir.

"Məsafədən müşahidə peyklərindən əldə olunan təsvirləri dəqiq vaxtında almağımız üçün yerüstü stansiyanın olması vacibdir. “Azərkosmos”un yerüstü stansiyasının yerləşdiyi unikal məkan bizə “StellarStation” platformamız vasitəsilə qlobal peyk operatorların aşağıorbitli peyklərinə keçid imkanı yaradacaq. "Azərkosmos"un peşəkar heyəti ilə birlikdə platformamızın əhatə dairəsini genişləndirməyimiz olduqca sevindirici haldır”, - “İnfostellar” şirkətinin baş direktoru Naomi Kurahara qeyd edib.


Mənbə: report.az