“Azəriqaz” qaz sızmaları ilə bağlı onlayn konfrans keçirib

  • 1 May, 2020 13:09
“Azəriqaz” qaz sızmaları ilə bağlı onlayn konfrans keçirib

Dünyada, eləcə də Azərbaycanda yayılmış koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar sosial izolyasiya tədbirləri davam etdiyi bir zamanda “Azəriqaz” İstehsalat Birliyi fəaliyyətində fasilələrə yol verməyib.

“Finans.az” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Bakı şəhəri və bölgələrdə olan xidmət sahələri ilə mütəmadi olaraq onlayn ünsiyyət yaradılır. Növbəti dəfə baş tutan videobağlantıda qaz itgilərinə yol verilməməsi və qaz sızmaları zamanı baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədi ilə 2020-ci ilin birinci rübündə görülən işlərə diqqət ayrılıb. Podratçı təşkilat “Təmiz Qaz” QSC-nin aşkar etdiyi qaz sızmalarının ləğv edilməsi istiqamətində görülən işlər də nəzərdən keçirilib.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun Əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev, Birliyin Təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi, Texniki baxış və qaynaqçıların idarə edilməsi şöbələri, o cümlədən Bakı və regionlar üzrə tabeli təşkilatların rəhbər işçilərinin iştirakı ilə keçirilən onlayn video-konfransda aşkar olunmuş çatışmamazlıqların yaranma səbəbləri müzakirə edilib və gələcəkdə belə halların baş verməməsi üçün görüləcək işlərə toxunulub.

Birliyin aidiyyəti strukturlarına tapşırılıb ki, istehlakçıların təbii qazla təminatında fasilələrin yaranmaması üçün aşkarlanmış qaz sızmaları təxirəsalınmadan dərhal ləğv edilməlidir.


Mənbə: report.az