“AzerGold”un mənfəət marjası 2 dəfəyədək artıb

  • 12 Fevral, 2020 10:49
“AzerGold”un mənfəət marjası 2 dəfəyədək artıb

“AzerGold” QSC-nin 2018-ci ilin maliyyə auditinin hesabatları 2017-ci ildə olduğu kimi müsbət göstəriciləri əks etdirir.

"Finans.az" xəbər verir ki, cəmiyyətin təqdim etdiyi hesabata əsasən, 2017–ci ilə nisbətən satışdan gəlirlər azalsa da, satışın maya dəyərində də önəmli dərəcədə azalma müşahidə olunması ümumi mənfəətin artımına səbəb olub.

Belə ki, 2017-ci ildə “AzerGold” QSC-nin satışları 77 306 206 ABŞ dolları olduğu halda, 2018-ci il üçün bu rəqəm 18 936 259 ABŞ dolları (və ya 24%) azalaraq 58 369 947 ABŞ dolları təşkil edib. Öz növbəsində satışın maya dəyəri isə 2018-ci ildə, 2017-ci ildəki 62 288 074 ABŞ dolları səviyyəsindən 23 301 577 ABŞ dolları (və ya 37%) azalaraq 38 986 497 ABŞ dollaradək enib.

2017-ci illə müqayisədə ümumi mənfəət 4 365 318 ABŞ dolları (və ya 29%) artaraq 2018-ci ildə 19 383 450 ABŞ dollaradək yüksəlib. Ümumi mənfəətin (satışdan gəlirlərlə satışın maya dəyəri arasında olan fərq) satışdan gəlirlərə olan nisbəti ilə hesablanan ümumi mənfəət marjası 2017–ci ildə 19% idisə, 2018–ci ildə bu göstərici 33% təşkil edib.

"Mənfəət və Zərər Haqqında Hesabatdan da göründüyü kimi 2017-ci ildə qızılın qiymətində artım olduğu üçün əvvəlki ildə qeydə alınmış qeyri-maddi aktivlərin dəyərsizləşməsində 14 milyon ABŞ dolları artım baş verib. 2018-ci ildə isə bu göstəricidə artım yox, əksinə, yenidən dəyərsizləşmə baş verdiyi üçün xalis mənfəətdə də azalma müşahidə olunub.

Qeyd etmək lazımdır ki, bu tip artım və ya dəyərsizləşmələr dünya bazarlarındakı qızılın qiyməti ilə birbaşa bağlı olduğu üçün heç bir halda “AzerGold” QSC-nin fəaliyyətində və idarəedilməsindəki birbaşa səmərəsizliyi əks etdirmir. Bu, sadəcə Cəmiyyətin sərəncamında olan mədənlərdəki kəşf edilmiş və hələ hasil edilməmiş metalların dəyərində dünya bazarındakı qiymətlərin mütəmadi dəyişməsinə görə artıb-azalmalardır. Əgər Mənfəət və Zərər Haqqında Hesabatdakı bu göstəricini nəzərə almasaq, o zaman Cəmiyyətin xalis mənfəətində də artımın olduğunu asanlıqla görmək olar", - “AzerGold”dan bildirilib.