Azərbaycan startapı 1 milyon ABŞ dolları uğrunda mübarizə aparacaq

  • 8 İyun, 2018 16:41
Azərbaycan startapı 1 milyon ABŞ dolları uğrunda mübarizə aparacaq

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə bu gün Azərbaycanda 6-cı dəfə "Seedstars World" müsabiqəsinin yerli seçimləri baş tutub.

Finans.az xəbər verir ki, Azərbaycanın 10 ən yaxşı startapı ölkəni "Seedstars" sammitində təmsil etmək və 1 milyon ABŞ dolları qazanmaq uğrunda mübarizə aparıb.

Belə ki, qalib gəlmiş "Onbranch" startap İsveçrədə final mərhələsində iştirak edəcək. İldə bir dəfə keçirilən "Seedstars World" sammitinin növbəti dəfə 2019-cu ilin aprelində baş tutması gözlənilir. Sammitdə 65 ölkədən startapların iştirakı gözlənilir.

"Onbranch" platforması yeni nəsil sosial şəbəkəsi olmaqla ilk dəfə hər bir şəxsə virtual məkanda olduğu vaxtda real həyatda ətrafında olan insanları tanımaq və onlarla ünsiyyət qurmaq imkanını yaradır.

"Onbranch"ın yaradıcısı Elçin Əskərov bildirib ki, startap müxtəlif məkanları bir tətbiqdə birləşdirən eko sistemdir: "Bunu "Virtual Mall"a bənzətmək olar. "Onbranch" vasitəsilə insanlar servizdən yararlanaraq və real ünsiyyət qurmaq imkanı verilir. Burda markalar, kafelər, universitetlər yer alıb. Biz bu yerlərin virtual proyesksiyasını yaradırıq".

O vurğulayıb ki, "Onbranch" sosial şəbəkələşmə və onlayn alış-veriş üçün virtual platformadır.

Xatırladaq ki, qaydalara əsasən 2 ildən daha az müddətdə fəaliyyət göstərən, bu müddətdə real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar müsabiqədə iştirak edə biliblər.