Azərbaycanlı iş adamlarının 37%-i manatın məzənnəsinin dəyişməsini ən böyük təhlükə sayır

  • 1 İyun, 2020 10:10
Azərbaycanlı iş adamlarının 37%-i manatın məzənnəsinin dəyişməsini ən böyük təhlükə sayır

Qlobal bazarda mövcud çətinliklərə baxmayaraq, Azərbaycan CEO-ları rəhbərlik etdiyi şirkətlərin artım perspektivlərinə dair hələ müəyyən nikbinlik nümayiş etdirir.

“Finans.az” xəbər verir ki, bu barədə “PwC Azərbaycan” MMC-nin dərc etdiyi CEO-lar arasında 3-cü İllik Sorğunun nəticələrində bildirilir.

Şirkət bu qənaətə gəlib ki, bizneslərini inamla inkişaf etdirmək bacarıqlarına baxmayaraq, CEO-lar inkişaf planlarını poza biləcək daxili və kənar maneələrdən məlumatlıdırlar. Yerli CEO-ların 37,2%-i üçün valyuta məzənnəsinin dəyişkənliyi ən böyük təhlükə olaraq qalmaqdadır, CEO-ların 32,5%-ni artan geosiyasi qeyri-müəyyənlilik, 23,48%-ni isə vergi yükü və qeyri-müəyyən iqtisadi artım narahat edir.

Azərbaycanın CEO-ları hesab edir ki, bu transformasiya işçiləri ixtisara salmadan, fəaliyyətin səmərəliliyinin və iş təcrübəsinin artırılması məqsədilə insan resurslarına investisiyalar tələb edəcək. Nəticədə, CEO-ların yalnız 5% işçilərini ixtisara salmaq niyyətindədir, CEO-ların 26%-i isə ünsiyyət, texniki və rəqəmsal bacarıqlar sahəsində ixtisasartırma proqramının yaradılmasına nail olublar. Azərbaycanın biznes liderlərinin sürətli inkişaf edən sahələrə investisiya qoymağa maraqlı olmasının göstəricisi CEO-ların 58%-nin texnologiya, media və telekommunikasiya sahələrinə investisiya qoymağı üstün tutmalarıdır.

CEO-ların 82,5% fəaliyyətin təkmilləşdirilməsi və gəlir axınlarına təkan vermək üçün növbəti 12 ay ərzində işin effektivliyinin artırılmasını planlaşdırır.

Sorğu PwC-nin son 22 il ərzində Davosda keçirilən Dünya İqtisadi Forumunda təqdim olunan PwC-nin CEO-ların İllik Qlobal Sorğusunun bir hissəsidir. Sorğuda Azərbaycanda bütün əsas sektorlarda fəaliyyət göstərən 80 özəl və dövlət şirkətin CEO-ları iştirak edib, inkişaf, maneələr, ixtisasartırma və bir çox digər mövzularda fikirlərini bölüşüb.

"Sorğu COVID-19 pandemiyasından əvvəl keçirilib və biz anlayırıq ki, CEO-ların bəzi məsələlərə dair fikirləri bu iki ay ərzində dəyişə bilər. Eyni zamanda, CEO-ların iqtisadi artım, geosiyasi qeyri-müəyyənlik və ixtisasarımı kimi biznesə təsir göstərən əsas məsələlərdə mövqeləri dəyişməyib", - şirkət bəyan edib.


Mənbə: report.az