Azərbaycanda xüsusi təyinatlı mühərrik yağı istehsal ediləcək

  • 21 aprel, 2021 16:22
Azərbaycanda xüsusi təyinatlı mühərrik yağı istehsal ediləcək

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti Təcrübə-Sənaye Zavodu tərəfindən xüsusi təyinatlı mühərrik yağı istehsal ediləcək.

YTP-dən "Finans.az"a verilən məlumata görə, Ukrayna Hərbi Sənaye Nazirliyinin Xarkov şəhərində yerləşən texnika zavodunun rəhbərliyi AMEA-nın Aşqarlar Kimyası İnstitutunun bu sahədə zəngin təcrübəsini nəzərə alaraq onlara müraciət edib.

İnstitut tərəfindən qısa müddət ərzində daha sərt şəraitdə işləyə bilən xüsusi təyinatlı texnika üçün nəzərdə tutulmuş M-16 İXP-3-U dizel mühərrik yağının resepturasını və istehsal texnologiyasını işləyib hazırlanıb.

Təcrübə-Sənaye Zavodunun istehsal sahəsində yaradılan təcrübə qurğusunda sınaq partiyası hazırlanaraq Ukraynaya göndərilib. Bu yağ Ukraynada xüsusi təyinatlı texnika üzərində üç mərhələli sınaqlardan uğurla keçib.

Hazırda bu yağa yaranan tələbat nəzərə alınaraq onun müntəzəm istehsal prosesinin yaradılması planlaşdırılır.


Mənbə: apa.az