Azərbaycanda propilen və etilen istehsalı artıb

  • 17 Sentyabr, 2018 15:48
Azərbaycanda propilen və etilen istehsalı artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 528,0 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “Finans.az”a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 20,2%, kimya sənayesində 1% artıb, rezin və plastik kütlə məmulatlarının istehsalında 9,6% azalıb.

Əsas kimya məhsullarından yod istehsalı 7,9%, izopropil spirti istehsalı 22,1%, metanol istehsalı 51,2% azalıb, oksigen istehsalı 59,4%, propilen istehsalı 23,2%, etilen istehsalı 15,3%, lak-boya məmulatlarının istehsalı 15%, azot istehsalı 4,1% artıb.

Rezin və plastik kütlə məmulatlarından bərk polipropilen boruların istehsalı 2,3 dəfə, butullar, butulkalar və tutumu 2 litrdən çox olmayan oxşar plastik məmulatların istehsalı 62,3%, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 54,4% artıb.