Azərbaycanda gündəlik neft hasilatının həcmi açıqlandı

  • 11 Fevral, 2019 16:58
Azərbaycanda gündəlik neft hasilatının həcmi açıqlandı

Azərbaycanda yanvar ayı üzrə gündəlik neft hasilatı 793 min barrel olub. Bunun 720 min barrelini xam neft, 73 min barrelini kondensat təşkil edib.

"Finans.az" xəbər vcerir ki, bu barədə Energetika Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, gündəlik 598 min barrel xam neft, 73 min barrel kondensat, 16 min barrel isə neft məhsulları ixrac edilib.

Energetika Nazirliyi yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, ötən il orta gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın, təxminən, 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.