Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı artıb

  • 1 Dekabr, 2020 10:16
Azərbaycanda

Bu ilin noyabr ayında Azərbaycanda "Pinterest" istifadəçilərinin fəallığı oktyabr ayı ilə müqayisədə 46,2 faiz bəndi azalıb.

"Finans.az"ın "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, dekabrın 1-nə "Pinterest"in Azərbaycanın sosial media bazarında payı 27,1% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 16,2 faiz bəndi çoxdur. Populyarlığına görə "Pinterest" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Instagram" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı noyabr ayı ərzində 20 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin dekabr ayının 1-nə 23,9% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 13,7 faiz bəndi çoxdur.

Bu ilin noyabr ayı ərzində ölkə üzrə "Facebook" şəbəkəsinin istifadəçilərinin fəallığı 13 faiz bəndi artıb. Dekabrın 1-nə olan məlumata görə, "Facebook" Azərbaycan sosial media bazarında 23,3% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "YouTube" – 19,3, "Twitter"– 3,9, "VKontakte" – 1,06%, "Tumblr" – 0,51%, və s.


Mənbə: apa.az