Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı apreldə azalıb

  • 1 May, 2020 09:57
Azərbaycanda

Bu ilin aprel ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı mart ayı ilə müqayisədə 7 faiz bəndi azalıb.

"Finans.az" xəbər verir ki, "Global Stats" statistika mərkəzinin verdiyi məlumata görə, mayın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 28,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 11,7 faiz bəndi azdır. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Instagram" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı aprel ayı ərzində 0,6 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin may ayının 1-nə 23,4% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 1,9 faiz bəndi çoxdur.

Bu ilin aprel ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 4 faiz bəndi artıb. Mayın 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycan sosial media bazarında 19,8% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "YouTube" – 15,4%, "Twitter"– 10,6, "VKontakte" – 0,82% və s.


Mənbə: apa.az