Azərbaycanda əmanətlərin sığortalanması sistemi ilə bağlı müzakirələr aparılıb

  • 2 Oktyabr, 2019 13:55
Azərbaycanda əmanətlərin sığortalanması sistemi ilə bağlı müzakirələr aparılıb

Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri 2019-cu ilin sentyabr ayı ərzində bir sıra beynəlxalq tədbirlərdə iştirak ediblər.

"Finans.az" Fonda istinadən xəbər verir ki, Fondun nümayəndələri 18-20 sentyabr tarixlərində Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Asiya-Sakit Okean Regional Komitəsinin Koreya Respublikasının Seul şəhərində təşkil etdiyi Təhsil proqramında iştirak ediblər. Səfər çərçivəsində iqtisadi böhran və böhrandan çıxış yolları, maliyyə sabitliyinin qorunması, əmanətlərin sığortalanması sisteminin maliyyə sabitliyinə töhvəsi, bu sahədə informasiya texnologiyaları sistemində yeniliklər müzakirə edilib.

Bundan əlavə, 25-28 sentyabr tarixlərində Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri Bosniya və Herseqovinanın Sarayevo şəhərində Avropa Əmanət Sığortaçıları Forumunun (EFDI) illik toplantısında iştirak ediblər. Keçirilən toplantıda Avropa ölkələrinin əmanətlərin sığortalanması fondlarının nümayəndələri risk əsaslı ödənişlərin tədbiqi, əmanətlərin sığortalanması prinsiplərini müzakirə ediblər, EFDI-yın İdarə Heyətinə seçkilər keçirilib, təşkilatın büdcəsi təsdiq edilib.

Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazası çərçivəsində Dünya Bankının və İsveçrənin İqtisadi Məsələlər Üzrə Dövlət Katibliyinin Bakıda səfərdə olan nümayəndə heyətləri ilə 16-26 sentyabr tarixlərində əmanətlərin sığortalanması sistemi barədə geniş müzakirələr keçirilib.

Müzakirələrdə Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti, gələcək inkişaf modeli və hədəfləri; bankların ləğv olunması və əmanətlərin sığortalanması sahəsində potensialın gücləndirilməsi, bu sahədə qanunvericilikdə dəyişikliklər müzakirə edilib.