Əcnəbi iş adamlarının elektron qeydiyyatında yeniliklər olacaq

  • 26 Sentyabr, 2018 11:44
Əcnəbi iş adamlarının elektron qeydiyyatında yeniliklər olacaq

“Qanunvericiliyə edilmiş dəyişikliklərə görə, yaxın gələcəkdə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin də elektron qeydiyyat sistemi tətbiq olunacaq”.

“Finans.az” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imzası ilə təsdiq etməklə qeydiyyat orqanına müraciət etməsi nəzərdə tutulur.

“Müraciət zamanı təsisçi fəaliyyət sahəsi barədə məlumatı bəyan etməli, özünün daxil etdiyi məlumatlara əsasən proqram təminatı tərəfindən hazırlanmış nizamnamə ilə real vaxt rejimində tanış olmalı və onu gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir. Həmçinin, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə skan edilərək ərizəyə əlavə olunur. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron ünvanına göndəriləcək. Artıq bu istiqamətdə işlər yekun mərhələyə qədəm qoyub”, - deyə Ə. Məmmədov vurğulayıb.