Azərbaycanda bu il "Bitcoin" səfirliyi açılacaq

  • 11 Mart, 2020 15:36
Azərbaycanda bu il

Azərbaycanda "Bitcoin" səfirliyi ("Bitcoin Embassy Azerbaijan") bu ilin ilk yarısının sonunda açılacaq.

"Finans.az" xəbər verir ki, bunu layihənin rəhbəri Səbinə Məmmədli deyib.

Onun sözlərinə görə, səfirliyin açılmasına dair müzakirələr aprel ayında başlanacaq: "Layihənin icrasına dair müqavilə, ilk növbədə, Gürcüstan və Ukrayna ilə imzalanacaq. Hesab edirəm, apreldə aparılacaq müzakirələrdən sonra Azərbaycanda "Bitcoin" səfirliyi iki ay ərzində açıla bilər. Belə ki, Gürcüstan tərəfi bizimlə artıq müqavilə imzalamağa hazırlığını bildirib. "Bitcoin" səfirliyinin açılması Azərbaycanda kriptovalyutalara bağlı layihələri dəstəkləməyə imkan yaradacaq".

Qeyd edək ki, hazırda "Bitcoin" səfirliyi Gürcüstanda ("Bitcoin Embassy Georgia") fəaliyyət göstərir. Bu ölkədən olan tərəfdaşın təşəbbüsü ondan ibarətdir ki, Azərbaycanda da "Bitcoin" səfirliyi fəaliyyət göstərsin. Təklif "blockchain" sahəsi üzrə mütəxəssislər tərəfindən universitetin informasiya texnologiyaları fakültəsində təhsil alan tələbələrə blockchain mövzusunda tədrisin təşkil edilməsindən ibarətdir. "Bitcoin Embassy"nin fəaliyyəti həmçinin konfransların, görüşlərin, leksiyaların təşkili, eləcə də "blockchain" sahəsində fəaliyyət göstərən startaplara dəstək verilməsindən və təcrübə mübadiləsindən ibarət olacaq.


Mənbə: apa.az