Azərbaycanda 1,6 milyon avroluq 2 layihə həyata keçiriləcək

  • 3 Oktyabr, 2019 16:53
Azərbaycanda 1,6 milyon avroluq 2 layihə həyata keçiriləcək

Avropa İttifaqı və Avropa Şurası Bakıda Azərbaycan üçün iki layihənin təqdimatını keçirib.

"Finans.az" xəbər verir ki, 2019-2021-ci illər üçün nəzərdə tutulan layihələrin ümumi büdcəsi 1,6 milyon avro təşkil edəcək.

Layihələr Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramının ikinci mərhələsi (YİT-2) çərçivəsində reallaşdırılacaq və Azərbaycan qrumlarına korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması üçün institusional imkanların daha da gücləndirilməsinə kömək etməyə, həmçinin məhkəmə islahatlarını dəstəkləməyə, məhkəmə sisteminin müstəqilliyini və peşəkarlığını artırmağa, ədliyyə sahəsində islahatları dəstəkləməyə və Avropa Şurasına uyğun standartların tətbiqində kömək etməyə istiqamətlənəcək.

Bundan başqa, Azərbaycanın ümumi büdcəsi 1,8 milyon avro olan üç regional layihədə də iştirakı nəzərdə tutulub.

"Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində 2020-ci il üçün məqsədlərə məhkəmə sisteminin səmərəliliyini təmin etmək və çirkli pulların yuyulmasının qarşısını almaq daxildir. Belə ki, proqram ölkələri və Aİ gələn ilin sonunadək əlaqəli hədəflərə çatmaq üçün razılığa gəliblər. Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramı Azərbaycanla Aİ arasındakı münasibətlərdə mühüm yer tutur. O həmçinin yeni saziş və "Şərq Tərəfdaşlığı" proqramının bəndlərinə də əlavə edilib", - Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramı çərçivəsində Avropa İttifaqı və Avropa Şurasının yeni birgə layihəsinin təqdimatında deyib.

Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Zoltan Herniesin sözlərinə görə, proqram çərçivəsində milli layihələrin icrasının monitorinqi, eləcə də yeni təkliflərin nəzərdən keçirilməsi məqsədilə Bakıda benifisiarların görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramı üzrə Avropa Şurasının koordinatoru Arkadi Sitine bu proqramların milli islahatlara təkan verəcəyini vurğulayıb. O eyni zamanda proqramların hər bir vətəndaşa fayda gətirəcək daha əhatəli səviyyəyə gətirilməsinin vacibliyini qeyd edib.