Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib - SİYAHI

  • 21 İyun, 2019 12:31
Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib - SİYAHI

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-may aylarında Azərbaycana dünyanın 180 ölkəsindən 1094,8 min və ya 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,7% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Finans.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 28,5%-i Rusiya Federasiyası, 26%-i Gürcüstan, 10,9%- Türkiyə, 7,7%-i İran, 3%-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9% olmaqla Ukrayna və Hindistan, hər birindən 1,6% olmaqla Böyük Britaniya və Türkmənistan, hər birindən 1,2% olmaqla Pakistan və İraq, 14,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 69,1%-ni kişilər, 30,9%-ni isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-may aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (1,9 dəfə), Misir (1,8 dəfə), Çin (1,8 dəfə), Hindistan (1,7 dəfə), Səudiyyə Ərəbistanı (1,7 dəfə), Böyük Britaniya (42,3 faiz), Cənubi Koreya (31,4 faiz), Yaponiya (30,1 faiz), Almaniya (28,0 faiz), Kanada (27,7 faiz), Polşa (23,4 faiz) və Gürcüstan (22,7 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-may aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,8% artaraq 54,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 3,6% artaraq 380,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 60,4%-i dəmir yolu və avtomobil, 38,8%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5% artaraq 2065,9 min nəfər olub. Ölkə vətəndaşlarının 39,5 faizi İrana, 27%-i Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 5,4%-i isə digər ölkələrə gedib. Gedənlərin 66,4%-i kişilər, 33,6%-i isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 73,6%, Gürcüstana gedənlərin sayı 10,6%, Rusiya Federasiyasına gedənlərin sayı 5,6%, Türkiyəyə gedənlərin sayı isə 0,1% artıb.

Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,8%-i dəmir yolu və avtomobil, 15,4%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.