Azərbaycan Zəngəzur dəhlizinin istifadəyə verilməsindən nə qazanacaq? - RƏY

  • 15 aprel, 2021 09:38
Azərbaycan Zəngəzur dəhlizinin istifadəyə verilməsindən nə qazanacaq? - RƏY

"Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək".

"Finans.az" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov facebook hesabındakı son yazısında bildirib.

"Prezident İlham Əliyev Zəngəzur dəhlizinin reallığa çevrildiyini bəyan edib. Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.

Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək",-millət vəkili deyib.