Azərbaycan Portuqaliya ilə tekstil müqaviləsi imzalayıb

  • 20 Mart, 2019 14:59
Azərbaycan Portuqaliya ilə tekstil müqaviləsi imzalayıb

"Azərbaycan Avropanın bir sıra ölkələrinə, o cümlədən Portuqaliyaya tekstil malları ixrac edəcək”.

“Finans.az” xəbər verir ki, bunu Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mehriban Axundova bildirib.

"Portuqaliyaya 60-100 ton həcmində 100% pambıq iplik göndərilməsi nəzərdə tutulub. Bu ölkə ilə 1 illik müqavilə imzalanıb və hər ayın əvvəlində satış qiymətləri razılaşdırılacaq. Bundan başqa, digər Avopa ölkələri - Böyük Britaniya, Polşa və Estoniya ilə ixraca dair danışıqlar planlaşdırılır. Estoniyaya ixrac baş tutsa, buradan Azərbaycana məxsus tekstil malları Şimali Avropa ölkələrinə ixrac oluna bilər”, - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, Azərbaycan hazırda Rusiya, Ukrayna, Belarus, Türkiyə və İrana tekstil malları ixrac edir: "Məsələn, Rusiyaya ixrac 2016-cı ildən başlayıb. Ötən il bu ölkəyə ixracın dəyəri 5 mln. ABŞ dollarından çox olub. Rusiyaya ixracda hər il, təxminən, 20% artım baş verir. Bu il də bu qədər artım gözləyirik".


Mənbə: report.az