Azərbaycan mehmanxanalarında gecələmələr 60% azalıb

  • 30 İyul, 2020 16:36
Azərbaycan mehmanxanalarında gecələmələr 60% azalıb

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

“Finans.az” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanla qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar 2020-ci ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb, ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 55,9% azalaraq 585,9 min olub.

Cari ilin yanvar-iyun aylarında mehmanxanalarda keçirilmiş gecələmələrin 58,8%-i Bakıda, 8,1%-i Qəbələdə, 8,0 faizi Qusarda, 4,7%-i Qubada, 4,2%-i Naftalanda, 3,1%-i Naxçıvan MR-da, 1,7%-i Lənkəranda, 1,4%-i Şabranda, 1,1% Mingəçevirdə, 0,8%-i Gəncədə və 8,1%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 64,3 % azalaraq 340,8 min olub ki, bu da ümumi gecələmələrin 58,2%-ni təşkil edir. Gecələmələrin 15,6%-i Rusiya, 11,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 11,2%-i Səudiyyə Ərəbistanı, 6,8%-i Türkiyə, 6,4%-i Hindistan, 5,3%-i Böyük Britaniya, 5%-i Küveyt, 3,3%-i İran, 2,9%-i İsrail, 2,2%-i ABŞ, 1,8%-i Qətər, 1, 7%-i İraq, 1,6%-i Almaniya, 1,5%-i Pakistan, 1,5%-i Qazaxıstan, 1,2%-i İtaliya,1,2%-i Ukrayna, 1,0%-i Gürcüstan, 0,9%-i Bəhreyn, 17,7%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 75,3%-i Bakıda, 7,2%-i Qusarda, 4,8%-i Qəbələdə, 4,5%-i Naftalanda, 3,7%-i Naxçıvanda, 2,3%-i Qubada, 2,2%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 34,4% azalaraq 245,1 min olub.

Cari ilin yanvar-iyun aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,6% azalaraq 72,0 milyon manat olmuşdur ki, onun da 58,7%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6 faizi ictimai iaşə xidmətlərindən, 3,3%-i müalicə və sağlamlıq xidmətlərindən, 9,4%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2020-ci ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,6% səviyyəsində olub (2019-cu ilin yanvar-iyun aylarında 21,6%). Bu göstərici Beyləqanda 21,8%, Naftalanda 21,7%, Qusarda 13,6%, Şabranda 12,8%, Qubada 11,8%, Bakıda 11,4%, Qəbələdə 11,0%, Biləsuvarda 10,4%, Cəlilabadda 9,2%, Sabirabadda 9,2%, Göyçayda 9,2%, Naxçıvan MR-da 8,3%, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.


Mənbə: report.az