Azərbaycan ərazisindən tranzit daşımaları sürətləndirilir

  • 28 Yanvar, 2020 12:50
Azərbaycan ərazisindən tranzit daşımaları sürətləndirilir

Bu il Azərbaycanın gömrük-sərhəd buraxılış məntəqələrində “Web Transit” adlandırılan xidmətin istifadəyə verilməsi planlaşdırılır.

“Finans.az” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu xidmət xarici daşıyıclar tərəfindən malların tranzit daşınması üçün sənəd və məlumatların elektron sistemlər üzərindən əvvəlcədən bəyan olunması yolu ilə sərhədlərdən sürətli keçidinə şərait yaradacaq: “Tranzit rəsmiləşdirilməsi zamanı gömrük-sərhəd buraxılış məntəqələrində əlavə vaxt itkisi aradan qaldırılacaq ki, bu da öz növbəsində tranzit daşımaların sürətləndirilməsi və ölkəmizin beynəlxalq ticarətdə əlverişli tranzit qovşaqlarından birinə çevrilməsinə kömək olacaq”.

S. Mehdiyev bildirib ki, eyni zamanda, gömrük-sərhəd buraxılış məntəqələrində şəxslərin, malların və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi, eləcə də qaçaqmalçılıq hallarına qarşı daha səmərəli mübarizənin təmin edilməsi məqsədilə müasir eyniləşdirmə və axtarış tipli texniki nəzarət vasitələri, baxış-rentgen texnikası və yoxlama baxış sistemlərinin əldə olunaraq quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevlə geniş müsahibəni sabah “Report”da oxuya bilərsiniz.


Mənbə: report.az