Azərbaycan dekabrda minik avtomobillərinin istehsalını kəskin artırıb

  • 21 Yanvar, 2021 10:50
Azərbaycan dekabrda minik avtomobillərinin istehsalını kəskin artırıb

2020-ci ildə Azərbaycanda 1 949 minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən "Finans.az"a verilən məlumata görə, 2019-cu il ilə müqayisədə ölkədə ötən il minik avtomobillərinin istehsalı 17,4% azalıb.

Təkcə dekabrda ölkədə 307 minik avtomobili istehsal olunub ki, bu da noyabr ayı ilə müqayisədə 2,1 dəfə çoxdur. Yanvarın 1-nə anbarlarda 199 vahid hazır məhsul ehtiyatı qalıb.

Traktorlara gəldikdə, ölkədə 2020-ci ildə 300 traktor istehsal olunub ki, bu da illik müqayisədə 66,9% azdır. Dekabr ayında traktor istehsal olunmayıb və yanvarın 1-nə anbarlarda 99 vahid hazır məhsul ehtiyatı qalıb.

Xatırladaq ki, ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub. Traktorların istehsalı isə may ayından etibarən dayandırılmışdı və yalnız avqustda bərpa olunub.


Mənbə: apa.az