Azərbaycan avrobondlarının gəlirliliyi artıb - ANALİTİKA

  • 28 Noyabr, 2018 15:11
Azərbaycan avrobondlarının gəlirliliyi artıb - ANALİTİKA

Son vaxtlar Azərbaycana məxsus həm dövlət, həm də korporativ istiqrazların (avrobondların) illik gəlirliliyi artmaqda, başqa sözlə, onların qiyməti azalmaqdadır.

"Finans.az" “Report”un analitik qrupuna istinadən bildirir ki, buna əsas səbəb ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması hesabına dünyada dolların bahalaşmasıdır.

Qeyd edək ki, Azərbaycanın dövlət avrobondları son 1 ayda 1,35%, son 1 ildə isə 5,03% dəyər itirib. Başqa sözlə, xarici investorlar üçün Azərbaycan kimi keçid dövrünü yaşayan ölkənin istiqrazları ilə müqayisədə inkişaf etmiş ölkələrin, o cümlədən ABŞ-ın dövlət istiqrazları daha cəlbedici görünür.

Xatırladaq ki, 2008-2009-cu illərdəki qlobal maliyyə böhranından sonra FED uçot dərəcəsini demək olar ki, 0%-ə endirmiş və böhranın təsirləri azaldıqdan sonra faizləri tədricən, uzun müddətdə artırmağı qarşısına məqsəd qoymuşdu. Qurumun bu il sentyabrın 25-26-da keçirilmiş iclasının yekununda uçot dərəcəsi 1,75-2%-dən 2-2,25%-ə qaldırılıb ki, bu da ABŞ-dan kənardakı səhm və istiqraz bazarında kəskin ucuzlaşmaya səbəb olub. Paralel olaraq əmtəə bazarlarında da qiymət azalması baş verib və bütün bunların fonunda FED-in faizləri yenidən artırıb-artırmayacağı böyük maraq doğurur.

Bundan başqa, inkişaf etmək olan ölkələrin avrobondlarının illik faiz dərəcələrinin yüksəlməsi də Azərbaycan avrobondlarına marağı azaldır. Məsələn, Türkiyənin 2024-cü ilə qədər dövriyyədə olacaq dövlət istiqrazlarının illik gəlirliliyi son 1 ildə 4,49%-dən 9,31%-ə qalxıb. Bununla belə, qonşu ölkənin maliyyə bazarlarında vəziyyət yaxşılaşmaqdadır. Odur ki, investorlar tərəddüd etmədən Türkiyənin qiymətli kağızlar bazarına yönəlirlər və müəyyən qədər Azərbaycan avrobondlarından imtina edirlər. Bu da onların ucuzlaşmasına yol açır.