"Azər Türk Bank"ın maliyyə vəziyyəti məlum oldu

  • 24 Aprel, 2019 17:14

"Azər Türk Bank" ASC 31 mart 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin birinci rübü üzrə cəmi aktivləri 330 mln. 167 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% çoxdur.

"Azər Türk Bank"ın kredit portfeli 1 il ərzində 34,5% artaraq mart ayında 157 mln. 349 min manata çatıb.

Bankın cəmi öhdəlikləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 8% və ya 20 mln. manatdan çox artaraq 276 mln. 309 min manat olub.

KAPİTALI AZALIB.

2018-ci ilin eyni dövrü ilə müqayisədə "Azər Türk Bank"ın cəmi kapitalında azalma müşahidə olunub. Belə ki, bankın cəmi kapitalı 1,4% azalaraq 53 mln. 859 min manata düşüb. Qeyd edək ki, bankın nizamnamə kapitalı isə 50 mln. manat həcmindədir.

MƏNFƏƏTDƏDİR.

2019-cu ilin yanvar-mart aylarında bankın xalis faiz gəlirləri 3 mln. 516 min manat, xalis qeyri-faiz gəlirləri isə 1 mln. 572 min manat təşkil edib. Ehtiyatlara 115 min manat ayıran "Azər Türk Bank"ın inzibati xərcləri 4 mln. 582 min manat olub. Mənfəət vergisi ödəməyən bank cari ilin ilk rübünü 390 min 640 manat xalis mənfəətlə başa vurub.