Avropa İttifaqı ilə yeni saziş Azərbaycana nə vəd edir?

  • 18 May, 2019 13:52
Avropa İttifaqı ilə yeni saziş Azərbaycana nə vəd edir?

Bəzi kütləvi informasiya vasitələrinin yazdığına görə, Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni saziş üzrə danışıqlarda fikir ayrılığı var. Yayılan məlumata görə ticarət, enerji, bazara giriş, dövlət satınalmaları, yerli məhsulların təşviqi məsələləri üzrə tərəflər arasında razılıq əldə etmək mümkün olmayıb.

“Finans.az” xəbər verir ki, Avropa İttifaqı Azərbaycandan bir çox sosial-ictimai əhəmiyyət kəsb edən məqamlarda öz maraqlarına uyğun tələblər irəli sürür.

Məsələn, Aİ dövlət subsidiyalarının məhdudlaşdırılmasını istəyir. Maraqlıdır ki, Avropa uzun müddət öz iqtisadi inkişafını və ayrı-ayrı sahələrin rəqabətqabiliyyətliyini təmin etmək üçün məhz subsidiya mexanizmindən istifadə edib. Hətta bu gün də bir sıra sahələrdə subsidiyalar mövcuddur.

Subsidiyaların məhdudlaşdırılması Azərbaycana nə verəcək?

Belə ki, subsidiyaların məhdudlaşdırılması ölkə iqtisadiyyatının əsas sahələrinə, xüsusilə də kənd təsərrüfatı sektoruna ciddi təsir göstərəcək. Azərbaycanda fermerlər bütün vergilərdən azaddır. Aqrar sektorun təşviqi, rəqabətqabiliyyətli istehsalın təmin edilməsi, daxili tələbatın yerli məhsullar hesabına ödənilməsi, ixrac potensialının artırılması üçün geniş subsidiyalar paketi mövcuddur. Bu isə özəl sektorun, xüsusilə də artıq formalaşmış sahibkarlar sinfinin daha da güclənməsini təmin edən mühüm alətlərdəndir.

Nəzərə alsaq ki, əhalinin, təxminən, 40% məhz kənd təsərrüfatı ilə məşğuldur, vergi güzəştlərin və subsidiyaların ləğvi iqtisadi çətinliklərə və sosial problemlərə səbəb ola bilər. Belə ki, fermerlərin gəlirləri azalacaq, kənd təsərrüfatı ilə məşğul olmaq səmərəli olmayacaq və bu sahəyə olan marağın azalması nəticəsində məşğulluq aşağı düşəcək. Bütün bunlar isə ən azı ölkə vətəndaşlarının maraqları, sosial rifahı üçün nəzərə alınmalıdır.

Danışıqların bu cür çətin getməsinin, hətta bəzi ekspertlərin dediyi kimi, dalana dirənməsinin əsas səbəblərindən biri də məhz budur.


Mənbə: report.az